İki güləşçimiz Avropa çempionatında ermənini məğlub edib finala yüksəldi

21:58 1 Aprel 2022

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatı davam edir.

Sportarena.az xəbər verir ki, yarışın 5-ci günündə 55, 63, 77, 87 və 130 kq-da çıxış edən yunan-Roma güləşçiləri mübarizəyə qoşulub.

Eldəniz Əzizli (55 kq) yarışa 1/4 finaldan start verib. Titullu güləşçimiz rumıniyalı Denis Mihaya ilk hissədə tam üstünlüklə qalib gəlib - 8:0. Eldəniz yarımfinalda erməni Rudik Mkrtçyana da gücünü göstərib. Rəqibini 7:3 hesabıyla xalçadan məyus yola salan təcrübəli pəhləvanımız 4 illik fasilədən sonra ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Əzizli həlledici görüşdə gürcüstanlı Nuqzari Tsurtsumia ilə qarşılaşacaq.

Taleh Məmmədov (63 kq) yarışa 1/4 finaldan qoşulub. Təcrübəli pəhləvanımız türkiyəli Ahmet Uyardan üstün olub - 5:1. Taleh yarımfinalda erməni Qraçya Poqosyanla qarşılaşıb. Gərgin keçən görüşün ikinci hissəsində uğurlu "çevirmə" fəndi Məmmədova qələbə qazandırıb - 3:1. Beləliklə, Taleh də ikinci dəfə AÇ-nin finalında güləşmək hüququ qazanıb. Həmyerlimizin finaldakı rəqibi gürcüstanlı Leri Abuladze olacaq.


Digər xəbərlər

Xəbər xətti