Milli Olimpiya Komitəsində "Neftçi"nin üzvü ilə görüş - FOTO

18:34 5 Avqust 2015

Milli Olimpiya Komitəsində Azərbaycan atleti, “Neftçi İdman Klubu”nun təmsilçisi Nazim Babayevlə görüş keçirilib. Sportarena.az xəbər verir ki, tədbir idmançının İsveçin Eskilstuna şəhərində keçirilən atletika üzrə gənclər arasında Avropa birinciliyində qızıl medal qazanması və 30 illik rekordu yeniləməsi münasibətilə təşkil olunub.

 

Nazim Babayevi qazandığı uğur münasibətilə təbrik edən MOK-un vitse-prezidenti, Azərbaycan Atletika Federasiyasının prezidenti Çingiz Hüseynzadə idmançımızın Bakı-2015 Birinci Avropa Oyunlarında uğurlu çıxış etməsindən və Rio de Janeyroya lisenziya qazanmasından danışıb: “Sevinirəm ki, atletimiz Avropa rekordunu yenilədi. Bununla da Nazim Babayev öz adını Avropa idmanının tarixinə yazdırdı. Bizdə atletika üzrə Avropa rekordçusu çox nadir hallarda olur. Bu, eyni zamanda Babayevə 2016-cı il Rio de Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazandırdı. Artıq Azərbaycan Avropa atletika ailəsinin bir üzvüdür. Bizim əsas məsələlərimizdən biri atletikanın kütləviliyini artırmaqdır. Biz insanları bu idman növünə dəvət etdikdə onlara kumir göstərməliyik. Sevinirəm ki, artıq belə gənc idmançımız var. Belə gözəl nailiyyətlə fərəh hissi keçirirəm. Bu, qürurverici bir haldır”.

 

Sonra federasiya prezidenti ölkəmizdə atletikanın inkişafından söhbət açıb və atlet Nazim Babayevə gələcək yarışlarda uğurlar diləyib.

 

Nazim Babayev ona göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə Atletika Federasiyasının və “Neftçi İdman Klubu”nun rəhbərliyinə dərin minnətdarlığını bildirib. Atlet ona bəslənilən ümidləri doğruldacağına və gələcək yarışlarda daha böyük uğurlar əldə etməyə çalışacağına söz verib.


Digər xəbərlər

Xəbər xətti