Roman Qriqorçuk: "Çernomorets"dən "Qəbələ"yə gətirmək istədiyim futbolçular var" - MÜSAHİBƏ

13:29 20 Dekabr 2014

Ukraynalı məşqçi "Qəbələ" ilə yeni müqavilə bağladıqdan sonra ilk geniş müsahibəsini ölkəsinin "Futbol 2" telekanalına verib.

 

 

- "Qəbələ" ilə artıq müqavilə bağlamısınız?

- Bəli. Dünən (dekabrın 18-i - red.) biz ilyarımlıq müqavilə imzaladıq.

 

- Niyə siz Azərbaycan klubunu seçdiniz?

- Bu çağırış idi, mənim üçün maraqlı idi. "Qəbələ" rəhbərliyi ilə görüşdən sonra anladım ki, bu, böyük futbol qurmaq istəyən ciddi və ambisiyalı insanlardır. Artıq onlar inkişaf üçün çox şey edib və indi də daha da inkişaf etmək istəyirlər. Bu adamlarla söhbətdən sonra məndə çox yaxşı təəssüratlar yarandı və bu da mənim seçimimə səbəb oldu.

 

- Təklif haqda uzun müddət düşündünüz?

- Hələ yarım il əvvəl bizim əlaqəmiz olmuşdu. Ona görə də bizim yaxşı münasibətlərimiz vardı. İndi isə mən sadəcə ora getmək və danışmaq dəvətinə cavab verdim. 3 günə mən bütün danışdığımız məsələlərə razılaşdım. İndi isə hər şey müqavilə üzərindədir.

 

- Məşqçilər heyətindən kim sizə kömək edəcək?

- "Çernomorets"in məşqçilər heyəti bütünlüklə Azərbaycana gedəcək.

 

- Hansı mövqeləri gücləndirməyi düşünürsünüz? Artıq götürə biləcəyiniz konkret soyadlar bəllidir?

- Hər komanda həmişə güclənmək istər və hamı başa düşür ki, güclənmək zəruridir. Mövqelər və konkret soyadlar haqda danışmayacağam. Axı dekabrın 21-də "Qəbələ"nin hələ bir çempionat oyunu var. 

 

- "Çernomorets"dən kimlərisə "Qəbələ"yə dəvət etmək istərdiniz?

- Bəli. Düzünü deyəcəyəm, mən "Çernomorets"dən kimlərisə "Qəbələ"nin heyətində görmək istərdim.

 

- "Çernomorets"dən necə ayrıldınız? Borcları qaldı?

- Deyim ki, biz çox yaxşı və hörmətlə ayrıldıq. Və buna görə də mən minnətdaram. Onsuz da şübhə etmirdim ki, belə olacaq. Axı bizim klub rəhbərliyi və prezidenti ilə yaxşı münasibətlərimiz vardı. Başqa cür ola da bilməzdi. Hər şeyə razılaşdıq, mənim heç bir etirazım yoxdur. Fikrimcə, "Çernomorets"də də məndən narazılıq mövcud deyil.

 

- Ukrayna klublarından təkliflər almışdınız? "Metallist"in maraqlandığı haqda yazırdılar...

- Bunlar hamısı arxada qaldı. Ona görə də bu haqda danışmağın mənası yoxdur.

 

- "Qəbələ"nin önündə hansı hədəflər durur?

- Artıq bu klubun gözəl stadionu tikilib, bir neçə məşq meydançası salınıb. Əlbəttə ki, komanda liderlər qrupunda olmaq və mütləq şəkildə avrokuboklarda oynamaq istəyir. Bütün bu ambisiyalar mənimkilərlə üst-üstə düşür. Əlimdən gələni etmək istəyirəm ki, biz yüksək səviyyəyə qalxaq və avrokuboklara vəsiqə qazanaq. Daha sonra bizim hədəflərimiz də böyüyəcək.


Digər xəbərlər

Xəbər xətti