Canni De Byazi: "Lazım olsa, Höccətə şans verəcəyik"

18:02 8 Sentyabr 2023

“Bizi ağır oyun gözləyir. Cəsarətli olmalıyıq”. 

Sportarena.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsində Belçika ilə keçiriləcək oyunla bağlı danışarkən deyib.

İtaliyalı mütəxəssis qarşılaşma öncəsi baş tutan mətbuat konfransında uğurlu nəticə arzuladıqlarını bildirib: “Nəticə qazanmaq istəyirik. Fürsətlərdən yararlanmalı və əvvəllər etdiyimiz səhvləri təkrarlamamalıyıq. Rəqibimiz FİFA reytinqində 4-cü sıradadı. Təbii ki, ümid sonda ölür. Güclü rəqiblə oynayacağımızı başa düşürük. Amma onlar da bizim kimi insandılar. Rahat oynamalı və azarkeşləri sevindirməliyik”.

67 yaşlı çalışdırıcı “Neftçi”nin müdafiəçisi Höccət Haqverdini yığmaya çağırmasının səbəbini də izah edib: “Höccət həmişə komandamızın üzvü olub. Başa düşürəm ki, bu mövsüm az şans qazanıb. Ancaq lazım olsa, ona şans verəcəyik”.

Baş məşqçi futbolçuların motivasiyasının önəmli olduğunu vurğulayıb: “Rəqibin təhlükəli oyunçuları var. Onların hamısı güclü klublarda çıxış edirlər. Ancaq sabah “vuruşmağa” və mübarizə aparmağa hazır olmalıyıq. İnkişaf üçün yaşadıqlarımızdan nəticə çıxartmalıyıq”.

Qeyd edək ki, sabah “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Belçika matçı saat 17:00-da start götürəcək. 


Digər xəbərlər

Xəbər xətti