Avropa çempionatı: Azərbaycanın daha bir güləşçisi medal görüşündə iştirak edəcək

15:59 19 Aprel 2023

Azərbaycanın daha bir sərbəst güləşçisi Abubakr Abakarov Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, 86 kq çəki dərəcəsində çıxış edən idmançı təsəlliverici qarşılaşmada İvars Samusonoksla (Latviya) üz-üzə gəlib.

 

Rəqibini məğlub edən Abakarov üçüncü yer uğrunda dueldə Boris Makoyevə (Slovakiya) rəqib olub.

 

74 kq-dakı Cəbrayıl Qadjiyev eyni raundda Soner Demirtaşa (Türkiyə) yenilib.

 

Bu gün, həmçinin, digər sərbəst güləşçilərdən 92 kq-dakı Osman Nurmaqomedov finalda Feyzullah Aktürklə (Türkiyə), 125 kq-dakı Georgi Meşvildişvili bürünc medal görüşündə Abraham Konyedonla (İtaliya) görüşəcək.

 

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) və Hacı Əliyev (70 kq) qızıl, Maqomedxan Maqomedov (97 kq) gümüş medal əldə edib. Avropa çempionatı aprelin 23-də başa çatacaq.


Xəbər xətti