Riçard Trautman: "Səid Mollayinin cəsarətli güləş üslubu bizi heyran edir"

20:36 3 Aprel 2023

"İllərdir ki, onun cəsarətli güləş üslubu bizi heyran edir".

 

Sportarena.az xəbər verir ki, bunu cüdo üzrə Azərbaycan milli komandasının baş məşqçisi Riçard Trautman Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına açıqlamasında deyib.

 

Yığmanın aparıcı üzvlərindən Səid Mollayinin döyüş üslubu barədə danışan almaniyalı mütəxəssis Türkiyənin Antalya şəhərindəki Böyük Dəbilqə turnirində gümüş medal qazanan cənubi azərbaycanlı idmançının fərqli tərəfini gördüklərini bildirib.

 

O, əvvəllər sərbəst güləşlə məşğul olan cüdoçunun rəqiblər tərəfindən yaradılan imkandan yararlanıb, dayanmadan fənd tətbiq etdiyini vurğulayıb:

"Bu yarışda onu fərqli yanaşma ilə gördük. Rəqibləri ilə arasındakı məsafəyə tam nəzarət edir və cüdonun əsas prinsiplərindən yararlanırdı. Mənim işim odur ki, bu üslubda Səid özünə daha çox inansın. Deyə bilmərəm ki, ona bu yeni texnikaların hamısını mən öyrətmişəm. Sadəcə, vəziyyətləri necə hazırlamaq və bu texnikaları tətbiq etmək barədə fikirlər verirəm. Biz klassik hücumların tətbiq olunacağı vəziyyətlər üzərində işləyirik. Onun həmişə güclü "ashi-wazası" (ayaq texnikası - E.S.) olub, lakin indi bu üslubların hər ikisi ilə bu səviyyədə mübarizə apara bilmək böyük üstünlükdür və hər ikisini tətbiq etmək üçün əlavə inam yaratmaq vacib idi".

 

Trautman Mollayinin güclü texnikaya malik olduğunu söyləyib:

"Lakin Səid onlardan nə vaxt istifadə edəcəyini bilmirdi. Düzgün tərəfə üstünlük vermək və hücumlara başlamaq üçün düzgün andan istifadə etmək vacibdir. İndi bu, onda daha yaxşı alınır".

 

54 yaşlı baş məşqçinin sözlərinə görə, güneyli idmançı Azərbaycana gələndə ilk suallarından biri fiziki proqram haqqında olub:

"Fiziki hazırlıq üçün məşqçimiz var, amma mən ondan nə istədiyini soruşdum. Səid əslində əvvəlki komanda üzvlərindən güclü deyil, amma dinamik güc başqadır. Çox güman ki, Səidin güləş keçmişi onun əsas gücünə töhfə verib. Həqiqətən də o, görkəmli idmançıdır və bunu qoruyub saxlamaq vacibdir".

 

O, Mollayinin dirsək əməliyyatından sonrakı reabilitiasiya dövründən də söz açıb:

"Bərpa zamanı Almaniyada qadın komandası ilə işləyən və yaxın dostum olan fizioloqla əlaqə saxladım. Səid Almaniyada onlara yaxın yaşayırdı və əməliyyatdan sonra bərpa işlərinin çoxunu birgə keçdilər. Mollayi cüdoya qayıdanda onun kənarda olduğunu hiss edə bilmədik, görülən işin keyfiyyəti bəlli idi. O, dərhal Parisdə məşq etməyə hazır idi. Səid düşündüyümüzdən daha tez tatamiyə qayıda bildi, lakin həqiqətən fiziki cəhətdən onun möhkəm olmasını istəyirdik və Təl-Əvivdə çıxış etməməsinə qərar verdik. Ardınca Yaponiyada məşqlərinə davam etdi. Daha sonra onun yenidən yarışa hazır olduğunu hiss etdik".

 

Trautman bildirib ki, Mollayinin Antalyada keçirdiyi görüşlər rəngarəng və düzgün hesab olunub, tamaşaçıların və digər nümayəndə heyətlərinin, hətta IJF ekspertlərinin müsbət rəyini alıb:

"Məşqçinin təsvir etdiyi kimi, bu, yeni texnikalar məsələsi deyil. Bu, artıq sahib olduğu cüdo texnikalarının inamlı tətbiqindən irəli gəlir. Görüşlər həyəcanlı keçdi və rəqibləri üçün şübhəsiz ki, müəyyən problemlər yaratdı. Mollayi "de-ashi-harai" (döyüş sənətlərində əsas ayaq hərəkətlərindən biridir - E.S.) tətbiq edərək, yarımfinalda özbəkistanlı Şarofiddin Boltaboyevə qalib gəldi".

O, təcrübəli idmançının Avropa çempionu olmaq istədiyini əlavə edib: "Bu, səidin sözügedən titulu almaq üçün ilk şansıdır. Lakin, əlbəttə ki, əsas məqsəd Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanmaqdır".

 

Təcrübəli mütəxəssis idmançının israilli Saqi Muki ilə arasındakı dostluğuna da toxunub:

"Əlbəttə İsraillə bağlı məsələ ətrafında danışıqlar çox gedirdi, lakin keçən yay Səid Mollayi Muki ilə ilk dəfə qarşılaşanda onun məşqçisi olacağımı heç təsəvvür etməmişdim".

 

O, Mollayi ilə münasibətlərindən də danışıb:

"Əvvəldən əlaqəmiz var idi. Almaniyada işləyəndə, Səid Dominik Resselin əsas rəqbilərindən idi. Bununla belə, biz onu Kölndə məşq mərkəzinə qəbul etdik. Mənə dedilər ki, Səid Bakıya gələcək, çox sevindim. Çünki o, çox peşəkar idmançıdır və biz eyni dildə danışırıq. Səid ingilis, alman, fars və ana dili olan azərbaycanca da danışdığı üçün bəzən tərcümələrdə mənə kömək edir. İlk öncə biz aramızda düzgün kommunikasiya qurmaq üçün çox işlədik. Səid həqiqətən də heyrətamiz idmançıdır, artıq olimpiya və dünya mükafatçısıdır, lakin o, həmişə dinləyir və hər dəfəsində daha yaxşı olmaq istəyir. Bu, onun güclü tərəfidir".


Xəbər xətti