Aprelin 28-də Azərbaycan Autizm Assosiasiyası Gənclər və İdman Nazirliyinin dəstəyi və "Pasha Holding"in sponsorluğu ilə Fəvvarələr meydanında II Autizm Festivalı keçirib.
Sportarena.az xəbər verir ki, festivalda ölkə üzrə fəaliyyət göstərən 30 autizm mərkəzi bir araya gəlib. Burada autizmli uşaqların əl işləri, təlimçilərin reabilitasiya proqramları nümayiş olunub.
Tədbirin açılışında çıxış edən Azərbaycan Autizm Assosiasiyasının vitse-prezidenti Jalə Əhmədova festival iştirakçılarını salamlayıb və bura gələn qonaqlara təşəkkürünü bildirib. Autizmin xəstəlik deyil, fərqlilikdir deyən Jalə Əhmədova, cəmiyyətin bu şəxslərə yanaşamasında xüsusi həssaslıq göstərməli olduğunu da xüsusi vurğulayıb.
20-dən çox media qurumunun işıqlandırdığı II Autizm Festivalında Gənclər və İdman naziri Fərid Qayıbov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Ombudsman Səbinə Əliyeva, millət vəkilləri Jalə Əhmədova, Vüqar İsgəndərov, Etibar Əliyev, Elşad Mirbəşirli, ictimai xadimlər və ictimai təşkilatların nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, 2 aprel Dünya Autizm Məlumatlandırma günüdür. Bu münasibətlə aprel ayı autizm ayı hesab olunur. Azərbaycan Autizm Assosiasiyası ay çərçivəsində autizmli uşaqlar arasında bocce, stolüstü tennis, velosiped, atletika və futbol yarışları təşkil olunub. Bütün bu tədbirlərin məqsədi autizm barədə cəmiyyəti məlumatlandırmaq, autizmin xəstəlik yox, fərqlilik olduğu mesajını insanlara ötürməkdir.
Autizmin fərqindəyik, onların yanındayıq.