"Barselon"nın prezidenti Joan Laporta Lionel Messi ilə müqaviləni uzatmamaları ilə bağlı danışıb.
Klub rəhbəri "Sport.es"ə açıqlamasında bildirib ki, tərəflər razılığa gəlsə də, La Liqa üçün tətbiq olunan maliyyə feyr-pley qaydaları bu müqavilənin bağlanmasına imkan verməyib:
"Messi qalmaq istəyirdi. Aylarla belə çətin şəraitdə danışıqlar aparan hər kəsə təşəkkür edirəm. Messinin başqa təklifləri var idi. Ancaq əsas məsələ maliyyə feyr-pley qaydası oldu. La Liqada məhdudiyyətlər qoyan bu cür qayda var. Maaş büdcəsini aşa bilmərik".
Laporta "Messi ilə bağlı nəyinsə dəyişəcəyinə ümid varmı?" sualını isə belə cavablandırıb: "Yalan ümidlər vermək istəmirəm. Bizim də, onun da vaxt məhdudiyyətimiz vardı. Maliyyə feyr-pley qaydaları dəyişməsə, oyunçular gələcəklərinin qayğısına qalmalıdır".
Qeyd edək ki, karyerası ərzində yalnız "Barselona"da çıxış edən (2003-2021) Messinin Kataloniya klubu ilə müqaviləsi iyunun 30-da başa çatmışdı.