Məhəmməd Mirzəbəyov: "Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdır"

18:18 17 Noyabr 2018

“Neftçi”nin müdafiəçisi Məhəmməd Mirzəbəyov klubun rəsmi saytına müsahibə verib.


Sportarena.az xəbər verir ki, zədədən sonrakı bərpa prosesi ilə bağlı danışan futbolçu komandanın çempionluq şansını da dəyərləndirib:


- Bərpa prosesi necə keçir?
- Normal keçir. Artıq fərdi məşğələlərə başlamışam, velosiped sürürəm, bəzi təmrinləri yerinə yetirirəm. Növbəti müayinədən sonra hər şey dəqiqləşəcək.


- Komandanı kənardan izləmək nə dərəcədə ağırdır?
- Yaşıl meydanlardan 2-3 ay müddətində kənarda qalmağı təsəvvürümüə gətirə bilmirəm. 3 həftədir oynamıram, artıq mübarizəyə qoşulmaq istəyirəm. Komanda qalib gələ bilməyəndə kənardan baxmaq çox ağırdır. Amma neynəmək olar? Bu, futboldur.


- Sizcə, iki dövrənin yekununa görə komandanın turnir cədvəlində birinci yeri tutub, qış fasiləsinə lider kimi yollanmağı nə dərəcədə vacibdir?
- Çox vacibdir. Komandada qalib ruhu olacaq. Həm də fasiləyə yüksək əhval-ruhiyyədə yollanacağıq. Çempionatın sonunu da yüksək notlarda keçirmək önəmlidir. Çox istərdim ki, bu bizdə alınsın.


- Sizin yoxluğunuzda "Neftçi”nin çıxışını necə qiymətləndirirsiz?
- Əsas odur ki, komanda xallar qazanır. Bunun mənimlə və ya mənsiz olması önəmli deyil.


- Çempionluq şansı nə dərəcədə realdır?
- İndi bu haqda danışmaq üçün çox tezdir. Qarşıda hələ çox oyun var. Biz isə ən yaxın izləyicimizdən cəmi 3 xal öndəyik. Çempionluq haqda mövsümün sonuna 2-3 tur qalmış danışmaq olar.


- Mövsümün bu mərhələsində "Neftçi”nin lider olacağını gözləyirdiz?
- Təbii ki, çempionluq uğrunda mübarizə aparacağımızı düşünürdüm. Ona görə də, birinci yerdə olmağımız təəccüblü deyil. Turnir cədvəlindəki mövqeyimizi möhkəmləndirməliyik. Liderliyə yüksəlmək çətindir, onu qorumaq daha da çətindir. İlin sonunadək keçiriləcək 3 turdan 9 xal toplamaq lazımdır. İlk dəqiqədən sonadək oyuna köklənməliyik. Azarkeşlərimizin də dəstəyi ilə qarşıya qoyulan məqsədə çata bilərik. Hamımıza - klub rəhbərliyinə, komandaya, doğmalara, yaxınlara və azarkeşlərə uğurlar! Arzu edirəm ki, bu mövsümü birinci pillədə bitirək.


Digər xəbərlər

Xəbər xətti