Rəşad Sadıqov: "Avrokuboklarda bəlkə də bu qədər qol şanslarımız olmamışdı"

10:52 5 Oktyabr 2018

“Son vuruşlar istədiyimiz kimi alınmadı. Avrokuboklarda bəlkə də bu qədər qol şanslarımız olmamışdı”.

 

Sportarena.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Arsenal" 0-3 hesabı ilə uduzduqları oyundan sonra deyib. Zədə səbəbindən oynamayan təcrübəli müdafiəçi "Qarabağ"ın qol şanslarından yararlanmasından danışıb: “Təbii ki, ustalıq səviyyəsini də demək lazımdır. Heç Azərbaycan çempionatında bir oyuna bu qədər qol epizodları yaratmırıq. 3 metrdən topu qapıdan keçirə bilmədik. Oyun qorxulu yuxu kimi keçdi. Oyuna nəzarət et, şanslar qazan, amma dəyərləndirmə. Düzdür, 2-ci qoldan sonra “Arsenal” rahat oynadı, qol şansları yaratdılar. Avropa Liqasında ən yaxşı oyunlarımızdan birini keçirdik”.

 

Sadıqov oyuna kənardan sakit şəkildə baxdığını deyib: “Sakit şəkildə oyuna baxırdım. 1-2 qol epizodu boşa gedəndə artıq düşündüm ki, nəticə olmayacaq. Belə oyunlarda qol epizodlarını sağa-sola xərcləyirsənsə, yaxşı nəticə olmur”.

 

Kapitan sonda azarkeşlərə təşəkkür edib: “Azarkeşlərə təşəkkür edirik. Oyun ərzində möhtəşəm idilər. Futbolçular bu dəstəyi hiss edirdilər. Onları sevindirmək istəyərdik, amma alınmadı”.


Digər xəbərlər

Xəbər xətti