Avropa Liqasında “Qarabağ” və İngiltərənin “Arsenal” komandaları arasında keçiriləcək II tur matçına indiyədək satılan bilet sayı açıqlanıb.
Artıq 55000-dən çox bilet sahibini tapıb. Azarkeşlərin əksəriyyəti isə bu gün metrodan istifadə edəcək. Maraqlıdır, “Bakı Metropoliteni” bununla bağlı olaraq hansı tədbirləri görüb?
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Sportarena.az-a açıqlamasında bildirib ki, Bakı Olimpiya Stadionunda keçirilən tədbirlərlə bağlı xüsusi əməliyyat planı var:
“Həmin əməliyyat planına uyğun olaraq, “Koroğlu” metrostansiyası oyuna təxminən 2 saat qalmış, gücləndirilmiş iş rejiminə keçir. Gücləndirilmiş iş rejimində stansiyaya canlı işçi qüvvəsi, eyni zamanda bütün lazım olan texniki vasitələr ayrılacaq. Bu texniki vasitələrə qatarlar da daxildir. Zərurət yaranacağı halda, həmin ehtiyat qatarlar xəttə buraxılacaq. Bildiyiniz kimi, oyun 11-də qurtaracaq və indiki dövrə qədər bizim bununla bağlı problemimiz olmayıb. Yəni, gecə 00:00-a qədər stadiondakı tamaşaçılar rahatlıqla metrodan istifadə edərək, stansiyaları tərk edə biliblər”.
Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Arsenal” görüşü saat 20:55-də başlayacaq.