"Keşlə"nin və millimizin qapıçısı Kamran Ağayev "Qəbələ" ilə oyunda yaşlı azarkeşlə aralarında yaşanan qalmaqala münasibət bildirib.
Sportarena.az xəbər verir ki, "Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində qonaq olan Ağayev etdiyi hərəkəti tam normal adlandırıb: "Həmin epizodda oyunçu əvəzləməsi var idi və mən də dayanıb əvəzləməni gözləyirdim. Bu zaman arxadan bir nəfər azarkeş məni təhqir etdi. Döndüm gördüm ki, yaşlı azarkeşlərdi və güman ki, təhqir edən də onlardan biri idi. Mən də cavabında dedim ki, heç utanırsan dediyin sözdən? Oyundan sonra da onlara eyni sözü dedim. Belə baxanda hansısa təhqiramiz söz işlətməmişəm. Amma ümumilikdə xaraktercə elə insan deyiləm ki, təhqiri qəbul edim. Deyirlər nə bilim peşəkar futbolçu filan, xeyr, o sözlər mənə aid deyil. Hansı sahədə, hansı peşədə olmağımdan asılı olmayaraq, kimsə məni təhqir etsə cavabını verəcəm. Çünki heç kimin heç kimi təhqir etməyə ixtiyarı yoxdur. O azarkeş də yaşlı azarkeş idi gərək o hərəkətindən utana. Elə yaşı da deyil ki, gedib dalaşasan. Heç stadiondan çıxanda tapa da bilmirsən. Həmin oyunda Cavid Hüseynovu da təhqir ediblər. O da cavab verib tez saytlar yazıb ki, Cavid azarkeşə cavab qaytardı. Qaytarıb yaxşı eliyib. Bəziləri bu cür məsələlərdə azarkeşlərə haqq qazandırmaqla onların əlinə "povod" verir. Olmaz belə şeylər".