“Bizim üçün ağır oyun oldu. İkinci hissədə rəqibdən daha yaxşı oynadıq. Lazım olan qolları vuraraq, qələbə qazandıq. “Sabah” çox yaxşı mübarizə apardı. Üç xal qazandığımız üçün sevincliyik”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Araz Abdullayev Topaz Premyer Liqasında 6-cı turunda səfərdə “Sabah”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.
O, mərkəz hücumçusu mövqeyində oynamağına da münasibət bildirib: “Baş məşqçimiz məni hansı mövqedə oynadırsa, çalışıram ki, yaxşı oynayıb, özümü doğruldum. İstər hücumun sivri ucunda, istərsə də cinahlarda. Düzdür, mərkəz hücumçusu mənim mövqeyim deyil. Amma mövqeydən aslı olmayaraq, əsas fikrim komandama kömək etməkdir”.
26 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində qarşılaşacaqları “Arsenal” haqda da danışıb: “Arsenal” bildiyiniz kimi çox güclü komandadır. İlk oyun öz meydanımızda olacaq. Çalışacağıq ki, xalqımıza gözəl oyun göstərək və yaxşı nəticə qazanaq. “Arsenal”ın qələbə seriyası bizi qorxutmur. Biz də Premyer Liqada yaxşı nəticələr əldə etməyə davam edirik. Hamımız istəyirik ki, maksimum nəticə qazanaq və qrupdan çıxaq”.