"Xəzər" TV-də yayımlanan "Futbol saatı" verilişində qonaq olan "Neftçi"nin və millimizin üzvü Ruslan Abışov maraqlı məqamlara toxunub.
Sportarena.az xəbər verir ki, həmin məqamlardan biri də onun 2012-ci ildə "Xəzər Lənkəran"a keçidi ilə bağlı olub.
Futbolçu bildirib ki, həmin vaxt onun transferinə görə xərclənən məbləğ kifayət qədər yüksək olub. Hardasa yarım milyon dollardan da yüksək. Futbolçu Lənkərana gedişini "Neftçi"də çalışan bəzi şəxslərin ona qarşı olan hörmətsiz hərəkəti ilə əlaqələndirdi. Futbolçu "Xəzər Lənkəran"dakı ilk günlərində üzləşdiyi maraqlı məqamları da bölüşüb: "Həmin vaxt "Xəzər Lənkəran"da məndən çox şey gözləyirdilər. İlk vaxtlar üzərimdə böyük təzyiq hiss edirdim. Çünki zəif oynasam günahın çoxunu məndə görəcəkdilər ki, o qədər pul ödənilib niyə zəif oynayırsan. Maraqlı məqamlardan biri də "Neftçi"dən gəlməyim idi. Bildiyiniz kimi, "Xəzər Lənkəran"la "Neftçi" arasında münasibətlər yaxşı deyildi. Lənkərandakı ilk məşqlərimdə ayağımda "Adidas" olan getrlər olurdu. Bir dəfə azarkeşlər yaxınlaşdı ki, o corabları çıxart, ağ-qaradı "Neftçi"ni təbliğ edirsən".