Azərbaycan Premyer Liqasının 17-ci turunda səfərdə "İnter"ə qalib gələn (3:1) "Neftçi" qış fasiləsindən sonra ilk qələbəsini qazandı.
Sportarena.az xəbər verir ki, oyunda "ağ-qaralar"a 3 xal qazandıran qollara imza atan İqnasio Herrera, Namiq Ələsgərov və Daniel Seqoviya klubun saytına fikirlərini bildiriblər:
Daniel Seqoviya: "İnter” çox güclü rəqibdi, amma bu gün qələbədən başqa heç bir nəticə bizi qane edə bilməzdi. Bu görüş keçmişdə qaldı, artıq növbəti oyunları fikirləşirəm. Fikrimcə, yavaş-yavaş "Neftçi” daha güclü oyun göstərəcək”.
Namiq Ələsgərov: "Çətin oyun oldu. Son iki matçdakı nəticələrdən sonra bu gün mütləq qələbə qazanmaq istəyirdik. Həm buna nail olduğumuza, həm də "Neftçi”nin heyətində ilk qolumu vurduğuma görə çox sevinirəm”.
İqnasio Herrera: "Oyun çətin keçsə də, çox gözəl qələbə alındı. Növbəti oyunu səbirsizliklə gözləyirəm. Çünki bu, 8-ci km stadionunda olacaq. Ümid edirəm ki, azarkeşlərimiz bu gün bizi tək qoymadıqları kimi, ev oyununda da gəlib bizə dəstək olacaqlar”.