Nizami Hacıyev: "Mənim ifadələrimi düz yazın ki, qoy bu millət oxusun bunu, qoy görsünlər ki, biz nələr çəkirik"

21:08 5 Noyabr 2016

Bu gün Azərbaycan Premyer Liqasının XI turunda “Neftçi” dogma meydanda “İnter”I 2:1 hesabı ilə məğlub edib.
Sportarena.az xəbər verir ki, matçdan sonra “İnter”in futbolçusu Nizami Hacıyev jurnalistlərin suallarını cavablandırıb.
-    Oyun haqqında fikirlərini bilmək maraqlı olardı….
-    Oyun gözlədiyimiz kimi çətin keçdi. Hər oyun çətin olur. İndi penal epizoduna baxdım. Orada qayda pozuntusu yox idi.  Heç birinci qol da qaydalar çərçivəsində vurulmamışdı, oyundan kənar vəziyyətdən idi. Əgər bizi kimsə “sındırmaq” istəyirsə, alınmayacaq. Bu məğlubiyyət birinci və sonuncu olacaq bizim üçün. Əlbəttə, hər oyun qapımıza 3 penal verilsə, məğlub olacayıq. Onsuz da Azərbaycan futbolu çöküb.Yoxdu Azərbaycanda futbol! Bu qədər də yox da. O hakimlər, müvafiq şəxslər bu oyuna baxsınlar, qiymət versinlər. Hakim səhv elədi. İndi biz nə edək? Hər dəfə qapımıza haqsız yerə penal təyin edəcəklər, sonra da gəlib üzr istəyəcəklər? Gəncədə qapımıza penal təyin elədilər, sonra da gəlib üzr istədilər ki, haqsız yerə vermişik. Nə qədər olar belə? İstəyirlər ki, “İnter” sonuncu yerlərdə olsun. 
-    Belə görünür ki, sizinlə şəxsi qərəzliyi var kiminsə?
-    Belə çıxır da. Mən bunu başqa cür qəbul edə bilmərəm.
-    Oyun zamanı hakimə dedin ki komandanı çıxaracam meydandan. Çıxaracaqdın?
-    Əlbəttə, çıxaracaqdım! Deyirlər ki, Nizami niyə etiraz edir, hakimlə danışır. Mən komandanın kapitanıyam. Etirazı mən etməliyəm də. Komandanın kapitanı o sarğını daşımaq üçün seçilmir. Mən kapitanamsa, oyunçulara cavebdehəm. Ona görə Ağabalaya sarı vərəqə veriləndə ona sual verdim ki niyə verirsən sarı vərəqə? Deyir ki Ağabala özü bilir niyə vermişəm. Bu, biyabırçılıqdı. Əgər bu, belə davam etsə, növbəti oyunlarda şou olacaq. Etməsinlər də belə. Biz kişi kimi futbol oynayırıq. Niyə bizi sıxmalıdılar? Düşmənik məgər? Biz də çalışırıq ki, bu xalqı haradasa təmsil edək də. 
-    Baş məşqçi bildirdi ki, Rauf Əliyevin yoxluğu oyuna təsir etdi. Sən necə düşünürsən?
-    Onun mövqeyi elədi ki, topu qəbul edir və komanda da rahat hücuma çıxa bilir. Amma bu gün bu, bizdə yox idi. Rauf topu qabağda yaxşı saxlayır, komanda rahat hücuma çıxa bilir. Bayaq Pərdis Fərcad-Azad topu vurdu qapıya, amma müdafiəçi çıxardı. Halbuki, topu mənə də verə bilərdi. Söz yox, onu qınamıram. Elə məndə də belə bir hal yaşandı. Bizim də ilk hissədə şanslarımız oldu, amma istifadə edə bilmədik. 
-    Nizami, səncə, niyə “İnter”ə qarşı belə münasibət var?
-    Mən indi klubun prezidentinə müraciət etdim. Xahiş etdim ki, getsinlər hakimlərlə danışsınlar, görsünlər nə məsələdi. Niyə hər dəfə bizim başımıza gəlir belə hadisələr? 10 oyundu uduzmurduq, indi gəldik hakim səhflərinə görə uduzduq. Nə qədər olacaq hakim səhvləri? Hakim oyunda səhv edə bilər, amma bu qədər də yox da! Bir səhv etdin, penal verdin, başa düşdük, sonra daha yaxşı idarə et də.
-    Bir epizodda siz hücumda olarkən leyhinizə cərimə zərbəsi təyin etdi…
-    Bəli. Biz hücumdaydıq, fit çaldı, oyunu saxlatdı, cərimə  zərbəsi təyin etdi bizim leyhimizə. Tərlan da gəldi bunu itələdi, o da Tərlana sarı verdi. Sonra da cəriməni bizə qarşı təyin etdi. Haçana qədər belə olacaq? Siz məni düz başa düşan. Mənim ifadələrimi düz yazın ki, qoy bu millət oxusun bunu, qoy görsünlər ki, biz nələr çəkirik. Vallah, mənim nələr çəkdiyimi bir Allah bilir. Mənə deyirlər ki, hakimlə danışma. Niyə danışmayım? “Sumqayıt”la oyunda hakim düzgün idarə edirdi, heç kim heç nə demirdi. Söz yox, kiçik səhvlər olurdu, amma o qədər də önəmli səhvlər deyildi. Vallah,nə deyim? 2 metr oyundankənar vəziyyətdə olan Cavid İmamverdiyev qaçır topu ötürür, digəri qol vurur. Penal verir. Mən şəxsən bunu qəsti-qərəzlik kimi qəbul edirəm. Əgər bu hakimlər layiqincə cəzasını almasa, bu futbol onsuz da çökmüş vəziyyətdədi, bundan da pis olacaq. 
-    AZAL-la oyundan sonra demişdin ki, “mən hələ formada deyiləm, amma formamı yığandan sonra məni milliyə çağırmasalar müəyyən insanlarla hesablaşacam”. Artıq formadasan, amma yenə də milliyə çağırılmırsan…
-    Bu bir az qəliz məsələdir. Artıq milli komandanın heyəti açıqlanıb, amma çağırılmamışam. Əlbəttə, çox heyfislənirəm. Mən sizin vasitənizlə buradan baş məşqçiyə səslənmək istəyirəm ki, nəyə görə məni milli komandaya dəvət etmirlər? Elə futbolçular var ki, əziyyət çəkir, amma milli komandan kənarda qalır. Xahiş edirəm, bunu belə də yazın. Bunu mənim adımdan Prosineçkiyə də sual verin. Deyin ki, əgər bir oyunçu əsas heyətdə oynayırsa, kapitandırsa, qol vurursa, komandası üçüncü yerdə gedirsə, həmin oyunçu nəyə görə milli komandaya çağırılmamalıdı? Soruşun da. Mənim onunla münasibətim yoxdu, görüşmürəm. Əgər bizim məhəllədə qalsa, özüm də soruşaram (gülür). Əgər onunla üz-üzə gəlsəydim özüm də soruşardım. Mən kənd uşağıyam. Kimliyindən aslı olmayaraq sualımı verəcəm. Soruşun ki, sonuncu dəfə nə zaman “İnter”in oyununa baxıb? Köməkçilərindən söhbət getmir. Özü nə vaxt gəlib bizim oyunumuza baxıb? Artıq məndə elə bir hiss yaranıb ki, elə kim gəldi çağırırlar milliyə.

 


Digər xəbərlər

Xəbər xətti