“Sumqayıt”ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turunda “Kəpəz”lə keçirilən (0:0) oyun haqda fikirlərini bildirib.
Sportarena.az xəbər verir ki, o, "CBC Sport"-un suallarını cavablandırıb:
- 5-ci oyundur qalib gəlmirsiz. Səbəbi nədir?
- Səbəb axtarmağa dəyməz. Hər şey göz qabağındadır. Gəncə stadionuna gələndə oyunu rəqibə qarşı qurmursan, stadiona görə təyin edirsən. Bu stadiondan evə sağ-salmat qayıdırsansa, üstəlik, 1 xal əldə edirsənsə, buna şükür etməlisən. Əzmkar oynadıq. Udmaq istəyirdik. Futbolçularım turnir cədvəlində “Kəpəz”i keçmək istəyirdilər. Hər iki komanda üçün bu stadionda oynamaq çətin idi. Bu meydanda nəinki oynamaq, gəzmək belə çətindir. Ümid edirik ki, hər şey düzələcək.
- Əvəzetmələriniz özünü doğrultdumu?
- Azər Salahlını yorğunluğuna görə əvəz etdim. Digər oyunçuları isə ona görə meydana buraxdım ki, bəlkə, bəxtləri gətirib qol vurarlar. Bu meydanda taktika ilə oynamaq qəlizdir. Reallıqdan danışmaq lazımdır.
- “Qəbələ” ilə oyundan sonra Yusif Nəbiyev və Amil Yunanovun istedadlı futbolçular olduğu haqda danışıldı. Millimizin baş məşqçisi Robert Prosineçki ötən gün yığmanın heyətini açıqladı, lakin orada “Sumqayıt”dan heç kim yoxdu. Siz öz komandanızdan kimi milliyə layiq görürsüz?
- Nəinki mən, bütün həmkarlarım öz futbolçusunu millidə görmək istəyir. Bu baş məşqçi üçün baş ucalığıdır. Prosineçki əgər “Sumqayıt”dan heç kimi yığmaya dəvət etmirsə, haqqı var. Deməli, layiq deyillər ki, çağırılmırlar.(sportal.az)