Bu gün Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ” səfərdə AZAL-a 1:0 hesabı ilə qalib gəlib.
Matçdan sonra “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev sportarena.az saytının əməkdaşının da suallarını cavablandırıb.
- Oyun haqqında nə deyə bilərsən?
- Bu gün çempionatın ən ağır oyunlarından birinə çıxmışdıq. Bilirdik ki, süni ot örtüyü bizə oynamağa imkan verməyəcək. AZAL-ın aqressiv futbol oynadığını da bilirik. Çünki sonuncu oyundakı hesab onlara təsir eləmişdi. Yaxşı hazırlaşırdıq bu oyuna. Amma bizdə çox şeylər alınmırdı. Sonda Dani ustalıq səviyyəsini ortaya qoydu və Muaremə yaxşı ötürmə verdi. Muarem isə fərqlənməyi bacardı. Hesabda önə keçdikdən sonra, oyunumuz bir qədər sakitləşdi və rahat oynamağa başladıq. Yəni, öz oyunumuzu oynayırdıq.
- İlk dövrədə 6:0 udduğunuz komandanı bu gün 1:0 hesabı ilə məğlub etdiz. Bunun səbəbi nə idi? Meydança, yoxsa?
- İlk dövrədəki oyunda AZAL-a qarşı başqa heyətlə oynayırdıq. Həm də, ilk dövrədəki oyunda təbii ot örtüyü idi. Bundan əlavə, həmin vaxt çempionat təzə başlamışdı, AZAL hələ öz oyununu tapa bilməmişdi. Bu cür böyükhesablı məğlubiyyətlər istənilən komandaya təsir edir. Gördüyünüz kimi rəqib bəzi epizodlarda çox çirkin futbol oynayırdı və biz də çalışırdıq özümüzü qoruyaq. Çünki gələcəkdə önəmli oyunlarımız var.
- Komanda PAOK-la oyuna nə dərəcədə hazırdı? Ola bilər ki, Rəşad meydana çıxmasın. Onu əvəzləyə biləcəksənmi?
- Düşünürəm ki, sabahdan PAOK-la oyunun hazırlıqlarına başlayacıq. Komandada əhval-ruhiyyə yaxşı vəziyyətdədi. Migel və Reynaldo da zədədən qayıdıb. Amma Rəşad Sadıqovun durumu sual altındadı. İnanıram ki, o da oynayacaq. Baş məşqçinin tapşırıqlarını yerinə yetirə bilsək, PAOK-la oyuna tam hazır olacağıq.
- İlk oyunda PAOK üzərində qələbə qazandınız, bu arxayınçılıq yaradır sizdə, ya fərqli oyun olacaq?
- Tam fərqli olacaq. Rəqib öz meydanında, öz azarkeşləri qarşısında oynayacaq. 2:0 hesabı heç nəyi dəyişmir. Oyuna tam ciddi hazırlaşacağıq. Bizi orda bəzi sürprizlər də gözləyə bilər.
- Demək olarmı ki, bu oyun həlledicidi?
- Həlledici olmasa da, böyük rol oynayır. Riyazi hesabla hər şey dəyişə bilər. Çox lazımlı oyundu. Əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə ilə qayıdaq.
- Saloniki atmosferi sizə təsir etməyəcək?
- Mən inanmıram. Dortmundda “Borussiya”ya qarşı oynamışıq və böyük klubların azarkeşlərini də görmüşük. Artıq azarkeşlər bizi qorxutmur. Çalışacağıq özümüzü evimizdəki kimi hiss edək.
- Səfərdən 1 xalla qayıtmaq sizin üçün uğurlu nəticədi, yoxsa qələbəni uğurlu nəticə hesab edəcəksiz?
- Bəli. Məncə, uğurlu nəticə hesab etmək olar.