Bu gün Azərbaycan Premyer Liqasının X turunda “Qarabağ” səfərdə AZAL-ı 1:0 hesabı ilə məğlub edib.
Matçdan sonra “Qarabağ”ın futbolçusu Qara Qarayev sportarena.az saytına müsahibə verib:
- Oyun haqqında fikirlərini bilmək maraqlı olardı...
- Çətin oyun oldu. İstəyirdik ki, bu oyunda xal itirməyək. Stadionun ot örtüyü də ürəkaçan vəziyyətdə deyildi. Buna baxmayaraq, lazım olan üç xalı qazandıq. Bu xallar bizim üçün çox vacib idi.
- Komandada, sanki, yorğunluq var...
- Yox, yorğunluq yoxdur. Hər oyuna fərqli heyətlə çıxırıq. Fikrimcə, komandamızın oyununun belə alınması yorğunluqla əlaqəli deyil. Yəqin ki, stadionun ot örtüyünə görə çıxışımız zəif alındı.
- Qarşıda sizi PAOK-la çətin oyun gözləyir. Bu matçı qrup mərhələsinin həlledici görüşü saymaq olar?
- Fikrimcə, yox. Qarşıda hələ 3 oyunumuz var. Növbəti oyunlarda yaxşı nəticə qazansaq, qrupdan çıxmaq barədə düşünə bilərik.
- Səfərdə bir xal qazansanız, bu, komanda üçün uğurlu nəticə sayıla bilərmi?
- Sözsüz. Əgər səfərdən məğlubiyyətsiz dönsək, bu, bizim üçün uğurlu nəticə olacaq.
- PAOK-a doğma meydanda güclü azarkeş dəstəyi olacaq...
- Biz buna hazırıq. Bilirik ki, rəqibin azarkeşləri çılğındır. Buna baxmayaraq, düşünürəm ki, orada bizə dəstək verənlər az olmayacaq.
İlkin İsmayılzadə