Bu gün Azərbaycan Premyer Liqasının VIII turunda “Qəbələ” səfərdə “İnter”lə 1:1 hesablı bərabərlik əldə edib.
Matçdan sonra “qırmızı-qaralar”ın yarımmüdafiəçisi Asif Məmmədov sportarena.az saytının əməkdaşının suallarını da cavablandırıb:
- Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Çətin oyun oldu. Məğlub da ola bilrədik, lakin bərabərlik qolunu vura bildik. Özünüz də bilirsiniz ki, biz Qəbələdə necə meydançada çıxış edirik. Burada isə meydanın vəziyyəti çox pis idi. Bu səbəbdən bir neçə oyunçumuz da zədələnib matçı davam etdirə bilmədi. Fikrimcə, əgər meydançanın vəziyyəti yaxşı olsaydı, nəticə tamam fərqli ola bilərdi.
- Özün də axsayırsan, necədir vəziyyətin?
- Məndə elə də ciddi bir şey yoxdu. Yüngül zərbə dəydi.
- Mövsümün ilk qolunu VIII turda, “İnter”dən buraxdınız. Bu haqda nə deyə bilərsiz?
- Nə vaxtsa buraxmalı idik də. Bu günə qismət imiş.
- Nəyə görə sizin “İnter”lə oyunlarınız alınmır? Mövsümün ilk oyununda da heç-heçə etmişdiniz, bu dəfə də...
- Fikrimcə, birinci matçda da yaxşı oynamışdıq. Penaltidən istifadə edə bilmədik. Bu gün də pis çıxış etmədik, xüsusilə də ikinci hissədə daha yaxşı oynadıq. Ancaq alınmadı, səfərdə 1 xal da pis deyil.
- Sanki “İnter” daha yaxşı oynayırdı axı...
- Mən elə deməzdim. Başa-baş oyun getdi, ədalətli nəticə elə 1:1 idi.
- Bu gün sanki bir az mərkəzdə oynayırdın. Funksiyaların fərqli idi. Necə düşünürsən, öz oyunun alındımı?
- Əvvəldən öz yerimdə, cinahda idim. Matçın son 15-20 dəqiqəsində məşqçinin tapşırığı ilə mərkəzə keçdim. Necə alındığını kənardan görənlər daha yaxşı bilər.
- Nizami Hacıyev matçdan sonra açıqlamasında bildirdi ki, bu gün onlar daha yaxşı oynadılar...
- Bu, Nizaminin öz fikridir. Hər iki komandanın qol imkanları oldu. Yenə deyirəm, 1:1 hər iki komanda üçün ədalətli nəticə idi.