Nizami Hacıyev: "Qəbələ" bizdən heç bir dəfə də güclü deyil" - MÜSAHİBƏ

18:22 15 Oktyabr 2016

“Yaxşı oyun nümayiş etdik və qol vurduq. Əfsuslar olsun ki, müdafiəyə çox tez çəkildik. Bu da bizim qol buraxmağımıza səbəb oldu. Deyərdim ki, bu gün 2 xal itirdik, amma ümumi götürsək komandamız heç də pis oynamadı”.

Bu sözləri Azərbaycan Premyer Liqasının VIII turunda “İnter” – “Qəbələ” (1:1) matçından sonra ev sahibi komandanın kapitanı Nizami Hacıyev deyib.


Matçdan sonra jurnalistlərə müsahibə verən təcrübəli futbolçu sportarena.az saytının əməkdaşının suallarını da cavablandırıb:
- Qapınızdan qol buraxdıqdan sonra daha fəal oynamağa başladınız...
- Bu, artıq bizim qanımıza işləyib. Hər dəfə qol buraxdıqdan sonra daha yaxşı oynamağa başlayırıq. Qoldan sonra həmişə başlayırıq hesabı öz xeyrimizə dəyişməyə. Çalışacağıq ki, bunun üzərində işləyib, növbəti oyunlarda belə etməyək.
- Turnir cədvəlinin lideri ilə oyunda bir xal qazanmağı qənaətbəxş hesab etmək olarmı?
- Xeyr. Deməzdim ki, bu gün “Qəbələ” bizdən 5 dəfə güclüdür, heç 1 dəfə də güclü deyil. Söz yox, yaxşı komandadır, Avropada ölkəmizi təmsil edir, amma bu gün biz öz oyunumuzu, gücümüzü istənilən rəqibə göstərə bilirik. Baxmayaraq, hal-hazırda “Qəbələ” turnir cədvəlinin lideridir, amma hələ heç nə bitməyib. Heç kim deyə bilməz ki, “Qəbələ” və ya digər komandalardan biri çempiondur. Qarşıda uzun bir mövsüm var. Əlimizdən gələni edəcəyik və layiq olduğumuz yeri tutacağıq. 
- İlk hissədə o qədər də yaxşı görünmürdün. Bunun səbəbi nə idi?
- Sözün açığı, ilk 15 dəqiqədə ayaqlarım tutulmuşdu, amma sonradan özümə gələ bildim. Bir az da yorğunluq var idi. 
- “İnter” artıq 3-cü ev oyununda xal itirir...
- Fikrimcə, bu, təsadüfdür. Deməzdim ki, bu, ev sindromudur və ya çox ağır bir məsələdir. “Zirə” ilə oyunun son dəqiqələrində qol buraxdıq, “Kəpəz”lə isə son dəqiqədə qol vurduq. Əlimizdən gələni edib, növbəti oyunlarda bu problemi aradan qaldıracağıq. 


Digər xəbərlər

Xəbər xətti