Azərbaycan Premyer Liqasında ilk dövrənin 28 oyununu stadionlardan 55 828 tamaşaçı izləyib. Bu qədər azarkeşdən 29 238 nəfəri “Kəpəz”in 3 ev oyununda “sarı-göylər”ə dəstək verib. Beləliklə, Nizami yurdunun təmsilçisinin Gəncədə keçirdiyi matçları izləyənlərin sayı digər 25 çempionat oyununa baxanların sayından (26 590) daha çox olub. Maraq üçün əlavə edək ki, VI turun “Kəpəz” – “Qarabağ” matçına 14 238, IV turun “Kəpəz” – “Zirə” görüşünə 10 000, II turun “Kəpəz” – AZAL oyununa isə 5 000 seyrçi tribunadan tamaşa edib.
Sportarena.az xəbər verir ki, “Kəpəz”in azarkeş liderliyi ilə bağlı klubun icraçı direktoru Cabir İbrahimov kapazpfc.az saytına açıqlama verib: “Gəncədə futbolun nə qədər sevildiyi məlumdu. Bunun nəticəsidir ki, “Kəpəz”in böyük fanat ordusu var. Azarkeşlər daim komandanın ev oyunlarına maraq göstərirlər. Bu işdə klub rəhbərliyi də maraqlıdır. Çünki futbol azarkeşlər üçündür. Çempionat yeni başlayanda ilk iki ev oyunumuza bilet satışı təşkil etmədik. Necə ki, azarkeşlər “Kəpəz”in arxasındadırlar, eləcə də biz onların yanındayıq. “Qarabağ”la ev oyununda isə stadiona giriş pullu olsa da, bu tamaşaçı axınına mane olmadı. Əksinə, rəqəmlər də göstərir ki, matça daha çox tamaşaçı gəldi. Komandamız da güclü dəstəyin nəticəsində daha da yaxşı oynayır və uğurlu nəticələr göstərməyə çalışır. Fürsətdən istifadə edib azarkeşləri qarşıdakı ev oyunlarımıza dəvət edirəm, stadiona gəlib doğma komandaya ruh versinlər”.