Azərbaycan Premyer Liqasının 7-ci turunda “Qəbələ” doğma meydanda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib.
Matçdan sonra “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev sportarena.az saytının əməkdaşının suallarını cavablandırıb.
- İlk öncə oyun haqqında fikirlərini bildirərdin...
- Ağır oyun oldu. Baxmayaraq ki, 3 gün bundan öncə Avropa Liqasının qrup mərhələsində “Fiorentina” ilə oyunumuz olmuşdu. Futbolçularımızda yorğunluq hiss olunurdu. Fikrimcə, birinci hissəni “Qəbələ” oynadı, ikinci hissəni isə “Qarabağ”. Qol imkanlarımız oldu, lakin istifadə edə bilmədik. Bu, futboldur. Qarşıdakı oyunları fikirləşəcəyik.
- Komandanın son oyunlurdakı uğursuzluğunun səbəbi nədir?
- Oyun qrafikimiz çox sıxdır. Futbolçular bərpa prossesi keçməlidir. Şəraitimiz var, oyunlara rahat gedə bilirik, amma yenə də yoruluruq.
- Keçən il də Avoliqanın qrupunda mübarizə aparırdınız, lakin ölkə çempionatında da uğurla irəliləyirdiniz...
- Yenə deyirəm, bu, futboldu. Çempionatda bir çox komandalardan üstün futbol oynayırıq, qol imkanlarımız çox olur. Sadəcə alınanda alınır, alınmayanda alınmır.
- Səncə, Reynaldo, Mahir Mədətov və Migel Maderanın oyuna sonradan daxil olması nəticəyə təsir etdi? Həmin oyunçular əsas heyətdə meydana çıxsaydılar fərqli nəticə alınacaqdı?
- Yox. Məncə, bu, oyunun nəticəsinə təsir etməyəcəkdi. Çünki “Qəbələ” matça güclü hücumlarla başlamışdı. Bu səbəbdən onların oyunu yaxşı alındı. Həmin oyunçular meydana girdikdə biz artıq yorulmuşduq və onlar bizə çox kömək etdilər.
- Rəşad Sadıqovun görüşdə iştirak etməməsi oyuna öz təsirini göstərdimi?
- Yox. Demək olmaz ki Rəşad Sadıqov oyunda olmadığı üçün biz uduzduq. Fikrimcə, bu gün Rəşad da meydanda olsaydı belə eyni nəticə qeydə alına bilərdi. Sadəcə, fiziki cəhətdən deyil, psixoloji cəhətdən də hazırlaşmalıyıq.
İlkin İSMAYILZADƏ, Qəbələ