Şahin Diniyev: "Hücum futbolu oynamaq dəlilik olardı"

18:28 25 Sentyabr 2016

“Oyun kənardan daha yaxşı görünür. Gərgin qarşılaşma oldu”. 


Sportarena.az xəbər verir ki, bunu “Kəpəz”in baş məşqçisi Şahin Diniyev deyib.
 

Azərbaycan Premyer Liqasının VI turunda “Qarabağ”ı qəbul edən gəncəlilər 1:1 hesablı bərabərliklə ayrılıb.
 

Qarşılaşmadan sonra keçirilən mətbuat konfransında Diniyev fikrini bu sözlərlə davam etdirib: “Hər iki komanda qalib gələ bilərdi. Qarşımıza qoyulan məqsəd rəqibin orta xəttini neytrallaşdırmaq idi. Bunu 70 faiz bacardıq. Şəhriyarın zədələnməsi sürpriz oldu. Azadın qol epizodunda təcrübəsi çatmadı. Demişdim ki, müdafiədə oturmayacağıq. Amma belə rəqibə qarşı hücum futbolu oynamaq da dəlilik olardı. Rəqib top-klubdu. Hesabda öndə olanda da oyunu gecikdirmədik, hücuma atıldıq. Əsl xarakter nümayiş etdirdik. Heç-heçə ədalətli nəticə oldu. Bizim vuruşmağımız rəqibin ustalığı oyuna rəng qatdı”.
 

- Futbolçuların son dəqiqələrdə yorulması nə ilə əlaqədardı?
- Topun dalınca qaçmaq həmişə çətindi. Başqa komandaya qarşı oynasaydıq, 90 dəqiqə "çatdıracaqdıq". “Qarabağ” Avropa səviyyəsində komandadı. Onların tempi artırması bizim yorulmağımıza səbəb oldu.
 

- Ot örtüyünün bu vəziyyətdə olması “Qarabağ”ın yaradıcı oyun göstərməsinə mane olmadı?
- Mən bunu düşünmürəm. Meydançanın durumu normal idi. Oyunun axırlarında bir az vəziyyət yaxşı olmadı. Düşünmürəm ki, meydança bərbad idi.
 

- Şəhriyar Əliyevin durumu nə yerdədi?
- Hələ bilinmir. Sabah müayinədən sonra bəlli olacaq.(apasport.az)


Digər xəbərlər

Xəbər xətti