Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində “Zirə” ilə qarşılaşacaq “Kəpəz” artıq oyunun hazırlığını başa vurub.
Sportarena.az xəbər verir ki, Gəncə klubunun baş məşqçisi Şahin Diniyev matçla bağlı kapazpfc.az saytına açıqlama verib: “Həmişə olduğu kimi bizi çətin oyun gözləyir. “Zirə” formalaşmış yaxşı heyətə malik komandadır. Bizə qələbə hava-su kimi lazımdır. Amma bu heç də asan olmayacaq. Məqsədimizə çatmaq üçün çox əziyyət çəkməliyik. Mənə elə gəlir ki, azarkeşlər üçün də maraqlı, mübarizəli oyun olacaq. Xarakterin, gərgin məşqlərin və ayrı bir neçə amillərə görə qələbəyə ümid edirik. Hazırlığımız yaxşı keçib, motivasiya yerindədir. Turnir cədvəlindəki yerimiz də komandanı qələbə qazanmağa sövq edir. Futbolçular da matçın əhəmiyyətini yaxşı başa düşürlər. 8 komandalı çempionat keçirilir, hər bir rəqib ilə oyunda itirilən xallar sonda turnir cədvəlindəki vəziyyətə böyük təsir edə bilər”.