250-yə çatdı, 50-ni gözləyir

12:17 16 Avqust 2016

Samir Zərgərov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.


Sportarena.az xəbər verir ki, yarımmüdafiəçinin yubiley matçı Topaz Premyer Liqasının II turuna təsadüf edib. Bu yay “Qəbələ”dən “İnter”ə keçən futbolçu 81-ci dəqiqədə meydana çıxmaqla, yubileyini sabiq komandası ilə qarşılaşmada qeyd edib.


Yüksək liqada 2004/05 mövsümündə “Ədliyyə”nin heyətində debüt edən Samir 12-ci mövsümündə 250-yə çatıb. O, ölkə çempionatları tarixinə 250 və daha çox oyun keçirən 49-cu futbolçu kimi tarixə düşüb. Zərgərov bu görüşlərdə 32 qol sevinci yaşayıb.


Yarımmüdafiəçi 250 oyunu 6 klubda keçirib. “Qəbələ”də 95, “Ədliyyə”də 30, “Simurq”da 28, “Kəpəz”də 25, “Standard”da 23 matça çıxan Zərgərov “İnter”də 49 qarşılaşmanın iştirakçısı olub. Bu da o deməkdir ki, növbəti tur da onun üçün yubileylə əlamətdar olacaq. O, paytaxt klubunda 50-ci çempionat görüşünə çıxacaq. Samir bu dəfə də sabiq komandalarından biri – “Kəpəz”lə görüşəcək.


Digər xəbərlər

Xəbər xətti