“Qəbələ”nin kapitanı Rəşad Sadiqovun durumu hələ də qeyri-müəyyəndi.
Sportarena.az apasport.az saytına istinadən xəbər verir ki, bu barədə 33 yaşlı yarımmüdafiəçi özü məlumat verib.
Azərbaycan Premyer Liqasının ilk turunda “Kəpəz”lə keçirilən qarşılaşmanın 34-cü dəqiqəsində sağ ayaq arxa əzələsindən zədələnən “qırmızı-qaralar”ın aparıcı oyunçusu dərhal əvəzlənmişdi.
Rəşad bu gün Maqnit Rezonans Tomoqrafiyasından (MRT) keçəcəyini və bundan sonra vəziyyətinə tam aydınlıq gələcəyini söyləyib. Amma milli komandamızın üzvü zədəsinin ciddi olmasını da istisna etməyib: “Bu gün MRT-dən keçəcəm. Ondan sonra hər şey dəqiq bilinəcək. Ancaq heç yaxşı şey gözləmirəm. Çünki ayağım çox bərk ağrıyır. Bu ağrıdan gecələr yata bilmirəm. Ayağımı yerə basıram, amma tam aça bilmirəm və axsaya-axsaya yeriyirəm. Yırtıq da ola bilər, əzələ qopması da, dartılması da. Ağrılarım azalmadığı üçün zədənin ciddi olmasından şübhələnirəm”.
Sadiqov Avropa Liqasının pley-off mərhələsində “Maribor”la qarşılaşmalarda komandasına kömək etmək istədiyini də əlavə edib: “Belə bir vaxtda zədələnmək heç yaxşı olmadı. Avqustun 18-də Avropa Liqasında bizi çətin oyun gözləyir. İnşallah, zədəm ciddi olmaz, həmin matçda məşqçilər korpusunun ixtiyarında olaram”.
Qeyd edək ki, Rəşad Sadiqovun çempionatın II turunda “İnter”lə (12 avqust) görüşü buraxacağı dəqiqdi.