Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”, nəhayət ki, transfer çalışmalarını sürətləndirib.
Sportarena.az xəbər verir ki, paytaxt klubu artıq 3 futbolçunun keçidini həll edib.
Venesuelanın “Mineros Quayana” klubundan transfer edilən yarımmüdafiəçi Edson Kastillo bu gün yeni komandasının düşərgəsinə qoşulub. Hərtərəfli razılıq əldə edilən 22 yaşlı futbolçu həftəsonu tibbi müayinədən keçəcək. Müayinə zamanı Venesuelanın gənclər millisinin sabiq üzvünün səhhətində problem aşkarlanmazsa, onunla münasibətlər rəsmiləşdiriləcək.
“Sumqayıt”dan ayrıldıqdan sonra azad agent statusu daşıyan yarımmüdafiəçi Murad Ağayev də karyerasını “Neftçi”də davam etdirəcək. “İnter” və “Zirə”nin də maraq dairəsində olan 23 yaşlı futbolçu artıq Türkiyədə baş məşqçi Vəli Qasımovun rəhbərliyi altında hazırlıq keçir.
Həmçinin “Qarabağ”ın müdafiəçisi Elton Yaqublu da “Neftçi” ilə anlaşıb. 25 yaşlı oyunçu bakılılara icarəyə verilib.
Bundan əlavə, Erik Ramos, Aqil Məmmədovdan sonra “Neftçi”dən ayrılan 3-cü futbolçunun da adına aydınlıq gəlib. Belə ki, müqavilə müddəti başa çatan Salas Quinta Antonionun (Anyete) Avropa Liqasının iştirakçısı ilə vidalaşdığı dəqiqləşib.(apasport.az)