"Qəbələ"dən yeni rekord: 11 liqada 11 medal

15:59 25 May 2016

"Qəbələ” 2015/2016 mövsümündə tarixi uğura imza atıb. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Qəbələ"nin 11 komandası çıxış etdiyi liqalarda mükafatçılar sırasına düşüb. 

Bununla da 11 müxtəlif liqada qüvvəsini sınayan “qırmızı-qaralar”dan heç biri ilk “üçlük”dən kənarda qalmayıb.

Azərbaycan  Premyer Liqada 3-cü olan əsas komandamız ardıcıl üçüncü dəfə bürünc mükafatlara sahib çıxıbsa, əvəzedicilər tarixində ilk dəfə çempion tituluna yiyələnib. 2011-2012, 2013-2014 mövsümlərində gümüş, 2009-2010, 2010-2011 mövsümlərində bürünc medalları yaxasından asan əvəzedicilər tarixində 5-ci mükafatını qazanıb. Bununla da 2013-14 mövsümündəki kimi həm əsas, həm əvəzedicilər çempionatı fəxri kürsüdə başa vurub.


Bürünc medalı son turun “Kəpəz”lə səfər oyununda əldə edən Roman Qriqorçukun baş məşqçisi olduğu komanda və finişə 4 tur qalmış çempionluğu bayram edən Ramin Quliyevin yetirmələrinin uğurlarına futbol akademiyasının komandaları da qoşulub.


AFFA-nın təşkilatçılığı ilə aşağı yaş qrupları arasında keçirilən liqalarda yeniyetmə oğlanlardan ibarət komandaların hamısı mükafat qazanıb. Onlardan üçü – UEFA Gənclər Liqasına vəsiqə qazanan U-19, həmçinin U-16 və U-15 2015-2016-cı illər mövsümünün qalibi olub. U-17, U-11 və U-10 gümüş medallara layiq görülüb. Digər 3 komanda isə bürünc medalla kifayətləniblər. Bunlar U-14, U-13 və U-12-dir.


İndiyədək "Qəbələ" heç vaxt bir mövsümdə 11 liqada mükafat qazanmayıb. Bunadək klubun rekordu 9-a bərabər idi. 2013-2014 mövsümlərində əsas və əvəzedicilər, həmçinin akademiyanın 7 komandası fəxri kürsüyə qalxmağa nail olub. 2014-2015-ci illər mövsümündə isə bu rəqəm 8 olub.


Akademiyanın yetirmələrinə gəlincə, ilk dəfə 2009-2010-cu illər mövsümündə mükafatçılar sırasına düşən “Qəbələ” son 7 mövsümdə 38 dəfə ilk “üçlük”də yer alıb. Komandalar bu müddətdə 17 çempionluq yaşayıb, 15 dəfə 2-ci olub və 6 dəfə bürünc medala yiyələnib. Son 7 mövsümdə cəmi 8 dəfə "qırmızı qaralar" mükafat qazana bilməyib.


Digər xəbərlər

Xəbər xətti