Son günlər mətbuatda "Neftçi" klubunun əcnəbi baş məşqçi ilə danışıqlar apardığına dair bir çox məlumatlar yayılmışdı.
Sportarena.az xəbər verir ki, "Neftçi" klubunun mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov sözügedən məsələ ilə bağlı şəxsi "facebook" hesabında paylaşım edib.
O, açıqlamasında yayılan məlumatları təkzib edib.
"Son dövrlər mətbuatda "Neftçi"nin əcnəbi mütəxəssislə danışıq apardığına, hətta razılığa gəlindiyinə dair xəbərlər yayılmaqdadır. Diqqətinizə çatdırırıq ki, "Neftçi" heç bir mütəxəssislə danışıq aparmır, bu cür xəbərlərin də heç biri həqiqəti əks etdirmir. Mövsümün vacib oyunu öncəsi ("Qarabağ"la kubokun final matçı nəzərdə tutulur - red.) komanda daxilindəki atmosferə təsirsiz ötüşməyə bilməz. Bununla əlaqədar belə xəbərləri yayarkən onu dəqiqləşdirməyinizi xahiş edirik".