"Xəzər Lənkəran"ın baş məşqçisi: "Nəyə görə hakim mənim futbolçuma söyüş söyməlidir?!"

21:01 20 May 2016

Bu gün Azərbaycan Premyer Liqasında 2015/16 mövsümünün son turunda “Xəzər Lənkəran” səfərdə “Rəvan”la 2:2 hesablı bərabəlik əldə edərək birinci diviziona düşdü.

Matçdan sonra “ağ-yaşıllar”ın baş məşqçisi Ağadadaş Həmidov sportarena.az saytına müsahibə verib:
 

- Oyun haqqında fikirlərinizi bilmək maraqlı olardı...
- Bu gün meydana sırf yaxşı nəticə - qələbə qazanmaq üçün çıxmışdıq. İlk hissədə istədiyimiz nəticəni əldə etdik. İkinci hissədə də qol vurmağı bacardıq, lakin, müdafiədə baş verən səhvə görə qapımızda top gördük. Amma qapımıza vurulan ikinci topda qayda pozuntusundan söhbət belə gedə bilməzdi. Hətda elə bildim ki, cərimə bizim xeyirimizə qeydə alınıb. Başa düşə bilmirəm hakim belə bir qərarı necə qəbul edə bilər. Mənim oyunçum matçdan sonra ağlaya-ağlaya mənə yaxınlaşıb deyir ki, “hakim mənə söyüş verir”. Mən həmin futbolçuya nə deyəcəyimi bilmədim. Belə hakimlik olar? Nəyə görə hakim mənim futbolçuma söyüş söyməlidir?!
- Sizcə hakimin belə qərəzli qərarlar qəbul etməyi nədən irəli gəlir?
- Mən başa düşə bilmirəm hakimin necə düşündüyünü. Bunu hakimə sual vermək lazımdırki, nə səbəbə belə bir qərar qəbul edir. 
- Komanda yeni mövsümdən çox güman ki birinci divizionda mübarizə aparacaq. Heyətdə dəyişiklik etməyi düşünürsünüzmü?
-    Bir neçə gün sonra bu barədə rəhbərlik iclas keçirəcək. Həmin iclasdan sonra bizə də yeni işlər barədə məlumatlar veriləcək. O zaman bilərik  komandaya yeni futbolçular əlavə olunacaq, ya yox.

- Hakimin qərarından sonra komandanız meydanı tərk etdi. Amma sizin təkidinizlə futbolçular yenidən meydana geri döndü...

- Mən futbolçularıma dedim ki, əgər meydançadan çıxsanız bu işlərdə bütün günahlar sizin üzərinizə atılacaq. Əlbəttə bu mənim şəxsi fikrim idi və bunu futbolçularımla paylaşdım. Onlar da məni başa düşdü. 

- Vaquf Güləliyev açıqlamasında bildirmişdi ki, yayda komandanı tərk edəcək. Ona yeni müqavilə təklif etmək barəsində düşünürsünüzmü?

- Bayaq da qeyd etdiyim kimi, hər şeyə rəhbərliyin keçirəcəyi iclasdan sonra aydınlıq gələcək. Komanda birinci diviziona düşsə yəqin ki, büdcə azaldılacaq. Amma biz hələ rəhbərliyin bu barədə olan qəraralarını gözləyirik.
İlkin İsmayılzadə


Digər xəbərlər

Xəbər xətti