Şahin Diniyev: "Bir neçə futbolçumuz meydana iynəli çıxmışdı"

21:10 11 May 2016

"Mənə elə gəlir ki, bu gün üç xalı biz rəqibə hədiyyət etdik. Birinci hissə meydandakı “Kəpəz” fasilədən sonra başqa komanda idi. Səbəb axtarmıram, çox şey tapmaq olar". 


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının 34-cü turunda "Neftçi"yə 2:1 hesabı ilə məğlub olan "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev deyib.


Təcrübəli mütəxəssis məğlubiyyətin səbəbini heyətdə olan zədəli futbolçularla əlaqələndirib: "İkinci yarıda komanda dayandı. Junior Osvaldonun meydandan çıxması da oyunumuza təsir etdi. Bir neçə futbolçumuz zədəli olduğundan meydana iynəli çıxmışdı. Ona görə tempi saxlamaq çətin idi. Tez qol buraxdıq, irəli atılıb hesabı dəyişməyə çalışdıq, amma alınmadı. İrəli baxmaq lazımdır, qarşıdakı iki oyunu uğurla baş vurmalıyıq. Bizi Avropa Liqasında mübarizə gözləyir. Güclənib bu yarışa ciddi hazırlaşmalıyıq. Artıq harada çatışmazlığın olduğunu bilirik. Bunun üzərində işləməliyik. Üzülmək, başıaşağı durmaq üçün səbəb yoxdur. Futboldu, uda da bilərsən, uduza da. Gəlin unutmayaq ki, bu heyət “Kəpəz”i Avroliqaya çıxarıb".


Digər xəbərlər

Xəbər xətti