"Qarabağ" çempionluğunu rəsmiləşdirdi

21:02 1 May 2016

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümünün qalibi müəyyənləşib. 


Sportarena.az xəbər verir ki, XXXII turun “Zirə” ilə səfər oyununda turnir cədvəlindəki ən yaxın izləyicisini məğlub edən “Qarabağ” xal hesabını 75-ə çatdırıb. Sona 4 tur qalmış liderlə debütant arasında fərq 15-ə yüksəldiyindən Ağdam təmsilçisi digər komandalar üçün əlçatmaz olub.

Bununla da Qurban Qurbanovun yetirmələri son 4 turun nəticəsindən asılı olmayaraq qızıl medallara sahib çıxıb. 2013/14 və 2014/15 mövsümlərində də çempion tituluna yiyələnən “Qarabağ” ardıcıl 3-cü dəfə ölkənin ən yaxşısı olmaqla “Neftçi”nin rekordunu təkrarlayıb.

Belə ki, əyalət təmsilçisinə qədər yalnız “ağ-qaralar” ardıcıl 3 dəfə çempion olmağı bacarmışdı. Bakılılar 2010/11, 2011/12 və 2012/13 mövsümlərində hamını qabaqlayıb.

Ümumi çempionluq sayında 4-ə çatan “Qarabağ” 3 dəfə qızıl medal qazanan “Kəpəz”i arxada qoyub.  Bu göstəricidə rekord “Neftçi”yə məxsusdur – 8 dəfə. Bu 3 komandadan başqa “İnter”, “Bakı” və “Şəmkir” hərəyə 2, “Turan”la “Xəzər Lənkəran” isə hərəyə 1 dəfə bu titula yiyələnib.


Digər xəbərlər

Xəbər xətti