“Futbolçularımız ikinci hissəyə passiv başladı. İlk hissədə isə daha yaxşı qol epizodları yaratdıq. Amma yararlana bilmədik. Bu bizim köhnə “xəstəliyimizdir”. Futbolçular ikinci hissədə mövqe səhvləri etməyə başladılar. Mərkəz müdafiəçiləri ilə cinah müdafiəçiləri arasında anlaşılmamazlıq olurdu. Bunun nəticəsində qol buraxdıq. Çalışdıq hesabı bərabərləşdirək. Amma, alınmadı”.
Sportarena.az xəbər verir ki, bu sözləri Premyer Liqanın XXXII turunda AZAL-a 1:0 hesabı ilə məğlub olmuş “Xəzər Lənkəran” klubunun baş məşqçisi Elbrus Məmmədov deyib.
Baş məşqçi növbəti turlardakı qarşılaşmaların çətin olacağına baxmayaraq, Premyer Liqada qalmaq üçün mübarizə aparacaqlarını bildirib:
“Qarşıdakı oyunlarımızın hamısı çətin olacaq. Ev oyunlarımızda yaxşı nəticə əldə etməyə çalışacağıq. Əsas ümidimiz “Kəpəz” və “Sumqayıt”la keçiriləcək ev oyunlarınadır. Həmin oyunlarda maksimum nəticə göstərməyə çalışacağıq”.