Tərlan Əhmədov: "Neftçi"nin hansı səviyyədə olduğu..."

19:45 30 Aprel 2016

“Bu gün sırf nəticəyə köklənmişdik. Son turda “Rəvan”a məğlub olduq. Bu səbəbdən bu oyuna çox ciddi hazırlaşmışdıq və qələbə qazandıq. Bu qələbə “Neftçi” ilə aramızda olan xal fərqini az da olsa azaltdı. Oyuna gəldikdə isə, hal-hazırda çempionatda zəif rəqib demək olar ki, yoxdur. Birinci hissədə doğurdan da “Xəzər Lənkəran” bizə sürpriz yaşatdı. Matçın ilk dəqiqələrindən üstünlük tam olaraq rəqib komandada idi. Hətta bir neçə epizodda qol da vura bilərdilər. Sadəcə olaraq futbolun gözəlliyi nəticədədir. Yaxşı oyun yaddaşlardan çıxa bilər, amma nəticə həmişə tarixdə qalır. Biz də bu gün yaxşı nəticə əldə etdik. Bu səbəbdən futbolçularımıza təşəkkür edirəm”.


Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXXII turunda doğma meydanda “Xəzər Lənkəran”a 1:0 hesabı ilə qalib gəlmiş AZAL klubunun baş məşqçisi Tərlan Əhmədov deyib. 


Təcrübəli mütəxəssi növbəti turda qarşılaşacaqları “Neftçi” ilə matç barəsində də fikirlərini bölüşüb:
“Hal-hazırda bizi yalnız “Xəzər Lənkəran” üzərində qələbə düşündürürdü. Növbəti həftədən artıq “Neftçi” üçün məşqlərə başlayacağıq. Çalışacağıq ki, sırf bu matça köklənək və xal qazanaq. Ən azından məğlub olmayaq. “Neftçi”nin hansı səviyyədə olduğu mənim üçün bir az qaranlıqdı. Çünki “Neftçi” həm kubok oyunlarında mübarizə aparır həm də çempionatda. Ola bilər ki, bir az yorğunluğ yaransın “Neftçi”də. Amma, bütün bunlara baxmayaraq “Neftçi”, “Neftçi”dir. Bu matça yüksək əhval-ruhiyyədə hazırlaşıb qələbə qazanmağa çalışacağıq”.


Digər xəbərlər

Xəbər xətti