"İnter"in keçmiş müdafiəçisi və indiki vitse-prezidenti Xaviyer Zanetti Milan klubu ilə ömürlük müqavilə imzalayıb.
Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 1995-ci ildən 2014-cü ilə qədər "İnter"in formasını geyinən müdafiəçi hal-hazırda klubun vitse-prezidenti vəzifəsində çalışır.
O, bu barədə açıqlamasında bundan sonra "İnter"in uğurları üçün əlindən gələni edəcəyini bildirib:
"Mən karyeramı başa vurduğum bu klubu çox sevirəm. "İnter" klubu, keçdiyimiz bu illər ərzində həm mənim üçün, həm də ailəm üçün çox gözəl xatirəyə çevrilib.
Tutduğum vəzifənin necə ağır bir iş olduğunu çox gözəl bilirəm. Mən bundan sonra komandanı yenidən Avropanın ən yaxşı klublarından biri etməyə çalışacağam".
Qeyd edək ki, argentinalı müdafiəçi "İnter" forması ilə 714 rəsmi matça çıxıb. O, bu matçlarda 17 dəfə rəqib qapılarına yol tapmağı bacarıb.