"Komandanın iki futbolçusu - Orxan Sadıqlı ilə Nodar Məmmədovun mübahisə etməsi xoşagəlməz haldı. Məncə, bu yorğunluqla əlaqədardır. Hər iki futbolçu bu gün qalib gəlmək istəyirdi. Yəqin, sözləri bir-biri ilə çəp gəlib. Bunu aydınlaşdırandan sonra dəqiq biləcəm".
Bu sözləri "Xəzər Lənkəran"ın baş məşqçisi Elbrus Məmmədov Topaz Premyer Liqanın 31-ci turunda evdə "Qəbələ"yə uduzduqları oyundan (0:1) sonra "CBC Sport"a açıqlamasında deyib.
Məmmədov məğlubiyyətə baxmayaraq, komandasının oyunundan razı qaldığını bildirib: "Oyun ərzində bir neçə qol epizodlarımız oldu. Lakin soyuqqanlılıq çatışmadı. Acınacaqlısı da odur ki, qapımıza doğru vurulan ilk zərbə qolla nəticələndi. Komandadan narazı deyiləm. Futbolçular çalışdılar. Səhvlər var. Onların üzərində işləməliyik". (qol.az)