“Qısa istirahətdən sonra məşqləri bərpa etmişik. Hər şey qaydasındadır, növbəti turun oyununa hazırlaşırıq”.
Sportarena.az xəbər verir ki, bu sözləri “Kəpəz”in futbolçusu Şəhriyar Əliyev deyib.
Müdafiəçi Azərbaycan Premyer Liqasının XXX turu çərçivəsində “İnter” ilə keçiriləcək matç öncəsi klubun rəsmi saytına açıqlamalar verib:
“Uğursuzluğa son qoymaq istəyirik, ona görə də əzmlə məşq edirik. Səhvlərimizi aradan qaldırmağa çalışırıq. Bizim gücümüz birliyimizdədir. Yaxşı nəticələr qazanmağı, Avropaya getməyi biz də istəyirik. Ardıcıl iki matçda uduzduq. Bəlkə bu başa düşüləndir, bəlkə də yox. Çox adam bu hesablarla uduzacağımızı gözləmirdi. Sadəcə, birinci görüşdə bəxtimiz gətirmədi, Ağdam klubu ilə qarşılaşmada isə rəqib çox güclü idi və yaxşı oynadı”.
Əliyev komandanın azarkeşlərini “İnter” ilə oyuna səsləyib. O, fanatların dəstəyi sayəsində daha yaxşı çıxış etdiklərini vurğulayıb:
“Dəstəyə ehtiyacımız var, azarkeşləri stadionda gözləyəcəyik. Biz fanatlarımızla güclüyük. Onlar bizim yanımızda olanda daha güclü oluruq. Gücümüzü bir daha meydanda göstərib, yenidən turnir cədvəlində üçüncü pilləyə qalxmaq istəyirik”.