“4:0 hesablı nəticə məncə oyun haqqında hər bir şeyi deyir. “Qarabağ”ı təbrik edirəm. Bu gün “Qarabağ” bütün futbol amillərində bizə qalib gəldi. Ən pis oyunumuzu keçirtdik. Bu da aydın məsələdir. Heyətimizdə çox futbolçu yoxdur. Heyətdə böyük yorğunluq var. Amma yenə də komandama təşəkkür edirəm ki, meydana çıxıb qaçdılar. Oynamasalar belə , ən azından mübarizə apardılar”.
Sportarena.az xəbər verir ki, bu sözləri Premyer Liqamızın XXIX turunda keçirilmiş “Qarabağ” – “Kəpəz” matçından (4:0) sonra “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev deyib.
Baş məşqçi son 2 oyunda aldıqları böyük hesablı məğlubiyyətlərə belə şərh verib:
“Yenə deyirəm, bizim heyətimizdə futbolçu çatışmır. Hər oyuna eyni heyətlə çıxırıq. 28 oyuna eyni heyətlə çıxmaq komandada yorğunluq yaradır. Bu da futbolçulara və oyunumuza öz təsirini göstərir. Biz AZAL-la qarşılaşmada pis oynamadıq. Sadəcə nəticə belə alındı. Amma bu gün etiraf etməliyəm ki, həm pis oynadıq, həm də nəticə pis oldu. Sakitləşmək lazımdır. Çempionatda hələ 7 oyunumuz qalıb. Bu oyunları yaxşı oynayıb uğurlu nəticələr əldə etməliyik”.
Ş.Diniyev avrokuboklara getmək şansları barəsində də fikir bildirib:
“Belə məğlubiyyətlərdən sonra bizim üçün çox çətindir. Çalışırıq ki, heyətdə olan problemləri aradan qaldıraq. Amma istəyirəm ki, kim layiqdirsə, o getsin avrokuboklara. Başqasının bədbəxtliyi üzərində öz xoşbəxtliyimizi qurmaq istəmirik. Zaman göstərəcək hər şeyi”.