“İlk hissə bizim üçün çox ağır keçdi. Baxmayaraq ki, 2:0 hesabı ilə öndə idik, amma bu nəticə 2:2 də ola bilərdi. Amma ikinci hissədə topa daha çox nəzaret etməyə başladıq. Bu hal da “Kəpəz” üçün çətinliklər yaratdı. Futbolçularımız yaxşı oyun nümayiş etdirdi, xüsusən də ikinci hissə daha gözəl oynadılar. Əsas odur ki, vacib olan 3 xalı qazandıq. “Kəpəz”ə bundan sonrakı oyunlarında uğurlar arzulayıram”.
Sportarena.az xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının XXIX turunda “Kəpəz”ə 4:0 hesabı ilə qalib gələn “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov deyib.
Təcrübəli mütəxəssis uzun müddət yaşıl meydanlardan uzaq qalan Reynaldonun növbəti oyunlarda meydana çıxıb-çıxmayacağına da aydınlıq gətirib:
“Deməzdim Reynaldo hər oyunda meydana çıxmağa tam hazırdır. 6 ay meydandan uzaqda qalmaq az bir müddət deyil. Ona formasını bərpa etmək üçün hələ bir az zaman lazımdır. Amma qarşıdakı oyunlarda Reynaldonu meydanda görə bilərik”.
Baş məşqçi son qarşılaşmalarda gözəl oyun göstərib, baxımlı qollar vurmağı bacaran Mahir Mədətov haqqında da fikirlərini bildirib:
“Mahirin son oyunlarda qol vurmağı bizi çox sevindirir. Gənc oyunçunun indidən inamlı təsir bağışlaması çox vacib amillərdən biridir. Amma onun yaşını nəzərə alsaq, bu o demək deyil ki, qol vurursa biz onu hər oyun meydana buraxmalıyıq. Çünki onun mövsüm boyu, hər oyun 90 dəqiqə meydanda olması fiziki cəhətdən çətinliklər yarada bilər. Biz hər bir futbolçunun idman formasını daima qoruyub saxlamalıyıq. Qarşıdakı oyunlarda onu meydanda görməyə də bilərik. Ola bilər ki, bir oyun istirahət etsin, bir oyun isə meydanda çıxsın”.