“Elnur Cəfərovun transfer vərəqəsini artıq özünə verimişik. Bundan sonra hara istəsə gedəcək. Artıq bizim bu işlə heç bir əlaqəmiz yoxdur”.
Bu sözləri sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran” klubunun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu deyib.
H.Cəbrayıloğunun sözlərinə görə, futbolçu Azərbaycan klublarında deyil, Avropa komandalarında çıxış etmək istəyib. Bu səbəbdən komanda, futbolçu müqaviləni ləğv edib:
“Elnur Azərbaycanda oynamaq istəmirdi. Buna görə də, biz onun transfer vərəqəsini özünə verdik ki, hansı kluba istəyirsə gedə bilsin. Onun üçün ən real variant “Ovyedo” klubu idi. Bildiyim qədəri ilə, bu məsələdə AFFA-nın da vasitəçiliyi var idi. Artıq bu iş onun və AFFA-nın üzərinə düşür. Necə istəsə elə edər”.
H.Cəbrayıloğlu onu da bildirib ki, bu məsələdə Elnur Cəfərov üçün heç bir maneə yaratmamağa çalışıblar:
“Futbol ictimaiyyətinə bəziləri elə bilir ki, biz Elnur Cəfərovun transfer olmasına mane oluruq. Amma bu yanlış fikirdir. Biz həmişə istəmişik ki, futbolçumuz, yetirməmiz yaxşı klublarda çıxış etsin. Biz onun üçün yolu açmışıq. Bundan sonrakı məsələ onun özündən asılıdır”.