“Doğma meydanda oynayacağımıza baxmayaraq, çətin oyun olacaq. Amma biz tam gücümüzlə mübarizə aparıb “Neftçi”yə qalib gəlməyə çalışacağıq”.
Bu sözləri sportarena.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın hücumçusu Tural Qürbətov deyib.
Futbolçu “Neftçi” üzərində yenidən qələbə qazanacağlarına inandığını bildirib:
“Biz bunu bir dəfə bacarmışıq, yenə də bacara bilərik. Zatən “Neftçi” klubu yaxşı oyun nümayiş etdirə bilmir. Premyer Liqada son 7 oyunun 5-də məğlub olub. Axrıncı turda da “Rəvan”a məğlub olub. Hal-hazırda onlarda əhval-ruhiyyə yaxşı deyil. Bu səbəbdən, bizim bu oyunda uğur qazanmaq şansımız yüksəkdir”.
Son iki oyunda müdafiənin səhvindən buraxılan qollardan danışan futbolçu:
“Komandada təcrübəli futbolçular azdır. Artıq iki oyundur ki, hesabda öndə olsaq da, qapımızda top görürük. Söz yox, əvvəlki oyunlarımıza nisbətən indi komanda daha yaxşı təsir bağışlayır. Amma oyunda diqqətli olmaq lazımdır. İnşallah bu oyunda qələbə qazanıb azarkeşlərimizi sevindirməyi bacararıq”, - deyə vurğulayıb.