"İnter" klubunun baş məşqçisi Zaur Svanadze klubun rəsmi saytına müsahibə verib.
Sportarena.az xəbər verir ki, baş məşqçi müsahibəsində keçirdiyi son oyunlar barədə fikirlərini açıqlayıb, “İnter”in avrokubok şanslarını dəyərləndirib və digər suallara cavab verib.
- “İnter” artıq iki turdu turnir cədvəlində irəliləmək şansını qaçırır...
- Öncə son günlər cəbhədəki döyüşlər nəticəsində Azərbaycan əsgərlərinin həlak olmalarından böyük üzüntü duyduğumu bildirir, şəhid olmuş hərbçilərin ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bəli, doğru vurğulayırsınız, son iki oyunda turnir cədvəlində mövqeyimizi yaxşılaşdırmaq şansımız yaranmışdı. Lakin zədəli futbolçuların çox olması, o cümlədən Nika Kvekveskirinin Gürcüstan millisinə çağırılması ilə bağlı Bakıya vaxtında qayıda bilməməsi “Neftçi” ilə oyunun nəticəsinə öz mənfi təsirini göstərdi. “Neftçi” ilə matçda Kvekveskirinin olmaması orta sahədə problemlərin yaranmasına gətirib çıxardı. Bundan əlavə, əla formada olan və mühüm oyunlarda qol vurmağı bacaran Nizami Hacıyevin “Rəvan”la matçda zədələnməsi, onsuz da, zədədən əziyyət çəkən komandamızın işini daha da çətinləşdirdi. Təbii ki, intensiv oyun qrafikasının da olması komandaya öz təsirini göstərir. Son ayda həm çempionat, həm də kubok qarşılaşmalarının keçirilməsi futbolçuların yorulmasına səbəb olur. Razılaşaq ki, zədəlilərin çox olması və son oyunlarda, meydana demək olar ki, eyni heyətin çıxması arzuladığımız nəticələri əldə etməyimizə maneələr yaradır. Bununla belə, komandanın mübarizliyi və heyətdəki problemlərə baxmayaraq, nümayiş etdirdiyi əzmkarlıq rəğbət doğurmaya bilməz. Futbolçular peşəkarlıq göstərərək azarkeşləri sevindirməyə çalışırlar və bu fakt məni bir məşqçi kimi sevindirir.
- “İnter” növbəti turda AZAL-la qarşılaşacaq. Rəqib barədə nə deyə bilərsiz?
- AZAL son turlarda yaxşı nəticələr göstərir. Komanda yüksəlişdədi və qələbə seriyasını davam etdirməyə çalışacaq. Ümumiyyətlə, “İnter”lə AZAL arasında oyunlar həmişə çətin keçir və qarşıdakı matçda da belə olacağını düşünürəm. Bizə rahatlaşmaq olmaz. Maksimum dərəcədə oyuna köklənməli və turnir cədvəlindəki mövqeyimizi gücləndirməliyik. Təəssüf ki, Kamran Ağayev və Nizami Hacıyev qarşıdakı oyunlarda komandaya kömək edə bilməyəcəklər.
- Bəs Rauf Əliyev? Onu növbəti qarşılaşmada görə biləcəyik?
- Sevindirici haldı ki, Rauf Əliyev artıq komanda ilə məşq edir və oyun ritminə tədricən daxil olur. Ancaq hələlik onun xidmətindən yararlanmaq bir qədər tezdi. Bununla belə, yaxın turlarda Rauf Əliyevi meydanlarda görəcəyik. Məşqçilər heyəti onun oyuna tam hazır olduğunu müəyyənləşdirdikdən sonra meydana çıxması bəradə qərar qəbul edəcək.
- UEFA-nın məlum qərarı komandanın motivasiyasına necə təsir göstərir?
- “İnter” köhnə borclarını ödəsə də, UEFA vaxt amilini əsas gətirərək kluba qarşı sanksiya tətbiq etdi. UEFA-nın qərarından şikayət etmək hüququmuz var və buna görə də şans hələ qalır. Bununla belə, inanmıram ki, UEFA-nın bu qərarı futbolçulara mənfi təsir göstərir. Komandada kifayət qədər peşəkar futbolçular var və onlar anlayırlar ki, sonadək mübarizə aparmaq lazımdı. Futbolçular bilirlər ki, bu il UEFA-ya vəsiqə qazanmaqla məlum cəzaya cari mövsümdə son qoymaq olar. Odur ki, UEFA-nın qərarından asılı olmayaraq, “İnter” cari mövsümü müsbət notlarla başa vurmağa çalışacaq. Avrokubok yarışlarına vəsiqə qazanmağımız çətin mövsümü arxada qoymağımız baxımdan “İnter” üçün böyük pozitiv olardı.