Bildiyimiz kimi dünən Azərbaycan Premyer Liqasının XXVIII turunda keçirilən "Xəzər Lənkəran" - "Qarabağ" matçına Ağdam klubu təyyarə ilə gedəcəkdi. Lakin, "Qarabağ"ın Lənkəran Beynəlxalq Aeroportundan "Xəzər Lənkəran" Mərkəzi Stadionuna necə gedəcəyi məlum deyildi.
Sportarena.az-ın əldə etdiyi məlumata görə, Lənkəran təmsilçisi "Qarabağ" klubunu dar vəziyyətdə qalmasına imkan verməyib. Belə ki, səhər saatlarında Lənkəran Beynəlxalq Aeroportuna gələn "köhlən atlar"ın stadiona rahat bir şəkildə gəlməsi üçün, "Xəzər Lənkəran" klubu komandanın şəxsi avtobusunu "Qarabağ"ı qarşılamaq üçün Lənkəran Beynəlxalq Aeroportuna göndərib. Eyni hal matçdan sonra da təkrarlanıb.
Amma bu dəfə "Qarabağ"ın "Xəzər Lənkəran" klubunun avtobusunda aeroporta getməsi əməkdaşımızın kamerasından yayınmayıb.