"Xəzər Lənkəran" 1409 dəqiqə sonra azarkeşlərini sevindirə bildi

12:48 31 Mart 2016

Azərbaycan Premyer Liqasında ardıcıl 15 tur qol vura bilməyən “Xəzər Lənkəran”ın uğursuz seriyası qırılıb. 

 


Sportarena.az xəbər verir ki, əyalət klubu XXVII turun “Sumqayıt”la səfər oyununun (1:2) 49-cu dəqiqəsində qolsuzluğa son qoyub. 

 

Rəqib qapısına yol tapan Zaman Mirzəzadə 149 gündən sonra komandasının azarkeşlərinə qol sevinci yaşadıb. Lənkəran təmsilçisinin heyətində sonuncu dəfə 2015-ci il noyabrın 2-də səfərdə “Rəvan”a 1:0 hesabı ilə qalib gəldiyi matçda, Elnur Cəfərovun 80-ci dəqiqədə fərqlənmişdi. 

 


Komandanın 1409 dəqiqə davam edən 15 turluq seriyası ölkə çempionatları tarixinin antirekordudur. Cari mövsümədək ən uzun qolsuz seriya Sumqayıt “Xəzər”inə məxsus idi. 2003/04 mövsümündə “Gənclik şəhəri” klubu 9 oyun qol vura bilməmişdi. 2004/05 mövsümündə MOİK, 2010/11 mövsümündə isə “Kəpəz” 8 turluq seriyaya üzülmüşdü.

 


Xatırladaq ki, “Sumqayıt” – “Xəzər Lənkəran” matçında meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti