"Cari mövsümdə "Qarabağ"la iki dəfə qarşılaşmışıq. Bu üzdən bir-birimizi yaxşı tanıyırıq. Son matçda komandamın qoluna mən imza atmışdım. Yenə onların qapısına qol vuracağıma inanıram".
Sportarena.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin hücumçusu Ermin Zets klubun saytına açıqlamasında deyib.
"Qarabağ"la oyunun çətin olacağından danışan bosniya və herseqovinalı fovard bunları buldirib:
"Əlbəttə ki, bizi çox çətin oyun gözləyir. Çünki "Qarabağ" ölkənin ən yaxşı komandalarından biridir. Onlar bunu mövsümün arxada qalan hissəsində də göstəriblər. Biz əksər oyunlarda imkanlarımızdan istifadə edə bilməmişiksə, "Qarabağ" bütün şanslardan yararlanıb və bu üzdən Premyer Liqanın lideridir. Biz bu qarşılaşmaya qələbə qazanmaq üçün çıxacağıq. Əminəm ki, bunu bacara bilərik. Bu, bizim üçün çox vacib oyundur. Doğma meydanımızda oynamağımız da bizə əlavə üstünlük verir. Qalib gəlib, azarkeşlərimizi də sevindirməliyik".
Zets XXV turun "Zirə" ilə ev oyunundakı 1:2 hesablı məğlubiyyət və bu üzdən də qalib gəlməli olduqlarını da qeyd edib:
"Zirə"yə məğlubiyyətdən sonra 3 xal qazanıb, öz yolumuza uğurla davam etdirmək istəyirik. Həmin matça gəlincə, belə olmamalı idi. Belə yenilgini qəbul etmək də çox çətindir. Bütün oyunu daha yaxşı oynasaq da, sonda məğlub olduq. Bu halla ilk dəfə rastlaşmırıq. Dəfələrlə daha yaxşı çıxış etdiyimiz matçlarda xallar itirmişik. Belə məğlubiyyət azarkeşlərimiz, özümüz, hamı üçün çox gözlənilməz oldu. Həmin uğursuz oyundan sonra bütün futbolçular meydanda var qüvvəsini qoyacaq ki, qələbə qazanaq. Nəyə qadir olduğumuzu göstərmək üçün qalib gəlməliyik".