Təşəkkürlər, Azərbaycan xalqı! Təşəkkürlər, "Qarabağ"!

14:57 6 Noyabr 2015

Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində dünən “Monako”nu qəbul edən “Qarabağ” qələbəni əldən verdi desək, çox güman ki, yanılmarıq. Oyun ərzində, xüsusilə ilk hissədə Fransa nəhənginə meydanı dar edən Ağdam klubu vacib 2 xaldan oldu. İlk dəqiqələri kəşfiyyat xarakteri daşıyan hissəsinin ortalarına doğru fəallaşan komandamız meydanın hər qarışı uğrunda amansız mübarizə aparırdı. Riçard Almeydanın dirijorluğunda cinah müdafiəçilərimizin də hücumlara qoşulması “Monako”nu sözün əsl mənasında şoka salmışdı. Fransız klubunun baş məşqçisi Leonardo Jardim oyundan əvvəl onlar üçün çətin olacağını demişdi. Amma bu qədərini o özü də təsəvvür etmirdi. Müdafiə xəttinin demək olar ki, səhvsiz oynadığı matçda ön xətt oyunçularının fürsətləri boşa verməsi son nöqtəni qoymağa imkan vermirdi. Xüsusilə də Əfran İsmayılov özünə bənzəmirdi. Sanki rəqibin adından ən çox o ehtiyatlanırdı. Amma qol tam istədiyimiz vaxtda gəldi. Kapitan Rəşad Sadıqovun gözəl ara ötürməsindən sonra zədəli Reynaldo Silvanın yoxluğunu hiss elətdirməyən Samuel Armenteros bir toxunuşla topu Subaşiçin qoruduğu qapıdan keçirdi. Bu qol eyni zamanda ilk yarının nəticəsi idi.

Təmsilçimiz ikinci hissəyə də pis başlamadı. Ardıcıl hücumlar “Monako” müdafiəsində çaşqınlığa səbəb olmuşdu. Ancaq bu cür hücumların qarşılığında yenə son nöqtəni qoyan tapılmırdı. Oyunun 72-ci dəqiqəsində isə İbrahim Şehiçin görüş ərzində yeganə səhvi qolla nəticələndi. Meydana ikinci hissədə daxil İvan Kavalyeru status-kvonu bərpa etdi. Qoldan sonra rəqib hücumların kəsərini artırsa da, qarşılaşma 1:1 hesabı ilə başa çatdı. Nəticəyə baxmayaraq, dünən “Qarabağ” bütün Avropaya sübut etdi ki, artıq nəhənglər də bizimlə hesablaşmalıdırlar.

“Qarabağ” dünən təkcə öz oyunu ilə deyil, matçdan öncə etdiyi gözəl hərəkətlə də bir daha ürəklərə yol tapdı. Belə ki, 9 noyabr - Bayraq Gününü unutmayan Ağdam klubu tribunaları şanlı bayraqlarımızla bəzəyərək, növbəti dəfə milli vətənpərvərlik ruhu daşıyan hadisələrə həssaslığını nümayiş etdirdi. Rəşad Sadıqovun təklifi və klubun təşəbbüsü ilə hər bir oturacağa qoyulmuş Azərbaycan bayrağı oyuna xüsusi gözəllik verirdi. “Qarabağ”a dəstək vermək üçün stadiona axın edən fanatların əllərində dövlət atributumuzu fərəhlə dalğalandırması komandamızı qələbəyə daha da inandırır, ruhlandırırdı. Düzdü, dünən “Qarabağ” qələbəni əldən verdi, amma üçrəngli bayrağımıza göstərdiyi ehtiramla bütün Azərbaycanın rəğbətini qazandı. Ən qürurverici məqam isə ondan ibarətdir ki, oyundan sonra 30 min bayraqdan bir dənəsini belə tapmaq mümkün olmadı. Stadiona toplaşan on minlərlə azarkeş üç rəngli bayrağımıza sahib çıxdı.

Bu, “Qarabağ”ın ilk belə addımı deyil. Komandamız ötən mövsüm Avropa Liqasının qrup mərhələsinin “Sent-Etyen”ə qarşı oyununda da bayraqla gündəmə gəlib. Belə ki, klubun təşəbbüsü ilə oyundan öncə stadiona uzunluğu 70 metrə çatan Azərbaycanın üçrəngli bayrağı gətirilib. Böyük Azərbaycan bayrağı Üzeyir Hacıbəylinin "Koroğlu" üverturası sədası altında stadionda dalğalanıb.


Digər xəbərlər

Xəbər xətti