Məlum olduğu, "Neftçi”nin Müşahidə Şurasına 3 yeni üzv qəbul olunub. Əsgər Abdullayev, Mehdi Nəcəfov və FƏRHAD BƏDƏLBƏYLİ. Bəli, Üzeyir Hacıbəyov adına Musiqi Akademiyasının rektoru, SSRİ-nin Xalq Artisti, "Şöhrət" ordenli Fərhad Bədəlbəylidən gedir söhbət. Artıq "Neftçi"nin dünya şöhrətli pianoçusu da var. Yazıçısı, şoumeni, aktyoru olan kluba musiqiçi çatışmırdı ki, o da oldu.
Əgər istəsələr, "ağ-qara" komandaya bir təklif də mən verə bilərəm. Onsuz Müşahidə Şurası hər iclasdan sonra yeni-yeni təkliflərlə çıxış edir. Kağız üzərində qalsa belə, hər dəfə "yenilik" olsun deyə nə isə təklif edirlər. Amma mənim təklifimin sözdə qalmasını istəmərəm. Çünki "Neftçi"yə yaraşan variant fikirləşmişəm. Məsləhət görürəm ki, klubun adından sonra yazılan PFK sözü PİK-lə əvəz olunsun. Yox, "xalqın komandası"nın İDMAN klubuna çevrilməyini nəzərdə tutmuram. "Neftçi" Peşəkar İNCƏSƏNƏT Klubu. Necədir? Məncə, pis səslənmir.
Hazırda "Neftçi"nin Müşahidə Şurası daha çox İncəsənət Klubunu xatırladır. Yazıçı, aktyor, şoumendən sonra indi də musiqiçi təmsil olunacaq rəhbərlikdə. Nəyi pisdi ki? Bir müğənni də götürsünlər, ansambl tamamlansın. Əslində gedişat onu göstərir. Ancaq müğənnini seçərkən diqqətli olmalıdırlar. "Xalqın komandası"na xalq artisti yaraşar. Belə də ki, "bozbaş" müğənni də götürə bilərlər. O baxır klubun büdcəsinə. Onsuz "Neftçi" artıq xalqın komandası yox, bəzilərinin oyuncağı olub.
ELnur