Cari mövsümün ikinci yarısında səfərdə “Bakı” üzərində 2:0 hesablı qələbəsi ilə başlayan “Qəbələ” futbol komandası yoxlama oyununda qüvvəsini sınayıb.
Sportarena.az kluba istinadən xəbər verir ki, “Qəbələ” birinci divizionda çıxış edən “Zirə”ni sınağa çəkib.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən qarşılaşmada “Qəbələ” qalib gəlib – 3:1. Yoxlama oyununun taleyini ilk yarışda iki qol vuran Mixail Sivakov həll edib. Belaruslu legioner 10-cu və 42-ci dəqiqələrdə rəqib qapısına yol tapıb. “Qəbələ”nin üçüncü qolunu isə Ekiqo Ehiosun vurub. O, matçın 67-ci dəqiqəsində rəqibi məyus edib.
“Qəbələ” Azərbaycan Premyer Liqasında növbəti oyununu fevralın 6-da öz meydanında AZAL-a qarşı keçirəcək.