Builki Afrika Millətlər Kubokunun bəxti əvvəldən gətirmədi.
Ebola virusunun əsas “qurban”larından birinə çevrilən “Qara qitə”nin ən nüfuzlu turnirini təşkil etməyi əvvəlcə heç kim boynuna götürmürdü. Mərakeş məlum səbəbdən imtina etdiyindən, uzun müddət turnir “yiyəsiz” qaldı. Sonra Ekvatorial Qvineya variantı ortaya çıxdı. Vaxtın daraldığını görən Afrika Futbol Konfederasiyasının (AFK) rəhbərliyi, bəlkə də, çarəsizlikdən məsuliyyətli işi onlara tapşırdı. Bəlkə də, ekvatorlular hansısa şərtlər müqabilində konfederasiya rəhbərliyini vəziyyətdən çıxarmağa razı oldu. Bunu Allah bilir.
Məsələ burasındadır ki, yanvarın son günündə AMK-da 1/4 final mərhələsinin oyunları keçirildi. Cütlərdən birində Tunis millisiylə meydan sahibləri - Ekvatorial Qvineya üz-üzə gəldi. Nəticə məlumdu: əlavə vaxtda təşkilatçılar qalib gələrək yarımfinala adladı. Amma...
Əsas vaxtın bitməsinə bir neçə saniyə qalmış baş hakim Racindraparsad Siçurnun (adından da qəliz adama oxşayır) şübhəli penalti qərarı tunisliləri ruhdan saldı. Əlavə vaxtda daha bir qol vuran qvineyalılar yarımfinala adını yazdırdı. Məğlubiyyəti həzm etməyən şimali afrikalılar isə oyundan sonra hakimə təzyiq göstərib. Fubolçular və məşqçilər hirsini Siçurndan çıxmağa çalışsalar da, asayış keşikçiləri buna imkan verməyib. Bununla belə, mavrikili referi artıq turnirdən uzaqlaşdırılıb. Dolayısıyla onun penaltini özündən uydurmasını “yuxarılar” da qəbul edib. Amma...
Sportarena.az xəbər verir ki, Tunis millisini də ciddi sanksiya gözləyir. Hakimə qulaqburması verə bilməyən məğlublar hirsini paltardəyişmə otağından çıxıb. Tunis Futbol Federasiyasının başçısı Vadi Jari isə etiraz əlaməti olaraq yarışın təşkilat komitəsini tərk edib.
AFK baş verənlərə görə şimallılardan üzrxahlıq tələb edib. Hərçənd Tunis millisinin növbəti Millətlər kubokuna buraxılmamaq məsələsi də ciddi müzakirə olunur.